Sahil Babayevin “boşaltdığı” kəndlərin qıfıllı qapıları

 

Hər dəfə kəndə gələndə ürəyim ağrıyır. Üst-üstə toplanan problemlər, qayğılar, boşalan evlər..
Əvvəllər əksər evdə pensiya alan var idi və həmin evin qənd,çay pulu pensiya hesabına ödənilirdi. Sahil Babayevin düşünülmüş və uzaqgörən siyasəti hesabına həmin pensiyalar kəsildi.Əslində ,pensiyalar kəsilmədi, kəndə düşən işıq kəsildi.

Axşam atamla saydıq, 26 ailə öz yurdunu qıfıllayıb kəndi tərk edib. Növbədə bir o qədər də gözləyən var.. Içərisində atam da namizəddir.. Hara gəlmək istəyir? Lökbatanın qayalığında həyəti olmayan bir komaya.. 22 metr uzunluqda, 10 sota yaxın bağ-bağçanı qoyub, kanalizasiya buraxılan gölün qoxusu vuran, ağcaqanadlar diyarına köçəcək.. Neyləsin? Xəstələnəndə həkim yox, isinməyə odun, yemək bişirməyə qaz yox, rayona işləyəcək marşrut yox..

Bayden Rusiyaya sanksiya tətbiq etmək istəyirsə, gəlsin, Lerik rayon icra hakimiyyətindən və Sosial müdafiəsi naziri Sahil Babayevdən dərs alsın..

Kənd ocağına gedən yol Rəhmətli Ataməli əminin həyətindən keçir. Əvvəllər hər dəfə ordan keçəndə Gülzar xalanı çağırırdım ki, iti qoymasın ,mən ordan keçim. O da “xoş gəlmisən oğlum” deyib, hal-əhval tuturdu. Indi ,nəinki Gülzar xala,qonşuları Qədim, Narxanım xalanın da evininin qapısı bağlıdır. Bütün küçə boş qalıb.
O tayda da onlarla ev..

Dövlətimiz kənddə modul məktəb tikib; aşağı sinifdə bir iki uşaq var, yuxarı siniflər yoxdur. 110 təsərrüfatlıq kənd beş-altı ildən sonra Sahil Babayevin siyasəti nəticəsində xarabalığa oxşayacaq.. Vətəndaşın sosial müdafiəsi sosial hücumla əvəz olunub. Təkçə Leriik Xanagah kəndi deyil bu vəziyyətdə olan, Gendov,Zövnə, Bilərəvər, Bülüdül və s.eyni taleyi yaşayır. Sosial yardımı kəs, pensiyanı ləğv elə, qazini incit, əili süründür, iş yetlərini bağla, qazı, işığı qaldır, odun yandırmağa qoyma, çaylara əl qoy, dənizi hasarla,rayonları boşaldıb Bakıda basabas yarat, de ki, büdcəmiz sosial yönümlüdür.

Dövlət bütün gücü Işğaldan azad olunmuş ərazilərə ayırıb, buralar yaddan çıxıb. Ağıllı evlər, hava limanı, müasir qəsəbələr, yüksək keyfiyyətli yollar.. Olsun, adımızıdır, fərqimizdir, hər qarış torpağımız qürur yerimizdir.. Bəs buralar; Lerik, Yardımlı və kəndləri…? Onların əhalisi ?
19 milyon Lerik-Xanagah yoluna pul ayrılıdı..Kim yedi, hara xərcləndi ki, istismara qəbul olunmamış dağıldı..

Xanagah kəndinə üç yol var; Yardımlının Bilnə kəndindən; palçıqlıdır,Təkdamdan;daşlıdır, Lerikdən; uzaq və məşəqqətlidir.. Amma fəqri yoxdur, nə qədər valediynlərimiz burdadır, bayramlarda gəlməliyik. Bu gün də Ramazan bayramıdır. Gəldik, bu dərdləri yaşadıq.

Yol yox, qaz yox, dolanışıq yox. Bircə hava var, onu da udanda burnundan gəlir.. Bu kənd camaatı əslində çox şey istəmir.. Ayda qənd, çay pulu məbləğində qazanmaq istəyir ki, cənnəti xatırladan doğma yurdundan didərgin düşməsin.. O da yoxdur..

Talıb Əhədov

Millətin Səsi.az

Share: