Ukraynada Medvedçuk və Kozakın qohumlarının əmlaklarına həbs qoyulub

Ukraynada məhkəmə xalq deputatları Viktor Medvedçuk və Taras Kozakın qohumlarının daşınar və daşınmaz əmlaklarına həbs qoyub.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təhqiqat Bürosu (DTB) məlumat yayıb.

Məlumata görə, Lvovun Lıçakov Rayon Məhkəməsi DTB müstəntiqlərinin Müxalifət Platforması – Həyat Üçün (OPZJ) Partiyasından olan deputatların qohumlarının müəssisələrinə məxsus daşınar və daşınmaz əmlaka həbs qoyulması barədə vəsatətini təmin edib. “Bu altı müəssisənin nizamnamə kapitalının həcmi 80 milyon qrivendən çoxdur”, – DTB-nin bəyanatında deyilir.

Qeyd edək ki, Medvedçuk və Kozakın qohumları vəzifə səlahiyyətlərindən sui-istifadə, yerin təkinin mühafizəsi və ya istifadəsi qaydalarının pozulması və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması üzrə cinayət işində şübhəli bilinən subyektlərdir.

Share: