Danışmayan uşağa göyərçin və ya bildirçin yumurtası vermək dilini açırmı? – Loqopeddən izah

Son zamanlar uşaqların, xüsusən də oğlanların gec dil açması problemi aktualdır. Adətən yaşlı nənələr oğlan uşaqlarının qız uşaqların nisbətən gec dil açmasının normal olduğunu bildirirlər.

Lakin analarlı narahat edən bu problem həqiqətən də yolunda getməyən bir sıra məqamlardan xəbər verir. Həkimlərin bildirdiklərinə görə, nitq qabiliyyəti normal inkişaf edən uşaq 4-5 ayından etbarən səslər çıxarmalı, 1 yaşından isə qisa sözlər söyləməlidir.

Bəs görəsən oğlan uşaqları hansı səbəblərdən qızlara nisbətən gec danışmağa başlayır? Ana neçə yaşdan sonra loqoped axtarmalıdır? Müxtəlif türkəçarə, bildirçin və ya göyərçin yumurtası həqiqətən dili acırmı?

Medicina.az bildirir ki, bu kimi suallara defektoloq – loqoped Vüsalə Qasımova cavab verib.

“Hər uşaqda nitq mərkəzinin inkişafı eyni dövrdə başlayır. Sadəcə olaraq qızlar daha aktiv olduqlarından tez danışmağı sevirlər. Bu isə genetikadan irəli gəlir. O yaş dövründə oğlanlar isə danışmaqdansa, daha çox hərəkətdə olmağı sevirlər. Buna görə də bu cür mənzərə yaranır.

Qızlar daha çox anaları ilə vaxt keçirdikləri üçün çox danışırlar və beləliklə də onların nitqləri sürətlə inkişaf edir. Oğlan uşağını da çox danışdırsan, o da tez və aydın danışmağa başlayacaq. Yəni qızların oğlanlardan tez danışdığının hər hansı bir tibbi, elmi əsası yoxdur.

Hər bir uşaq 2 yaşından sərbəst şəkildə cümlə quraraq danışmalıdır. Əgər bu gecikirsə, o zaman mütləq loqoped yoxlanışından keçirmək lazımdır. 4 yaşdan sonra uşaq bütün səsləri ifadə etməyi bacarmalıdır. O r, l , ş, j həriflərini tələffüz etməyi bacarmalıdır. Əgər edə bilmirsə, uşaq kəkələyirsə və ya cümlə qurmursa, o zaman yenə də loqoped uşağı müayinə etməlidir.

Onu da qeyd edim ki, hər hansı hərfi söyləyə bilməmək kifayət qədər yetkin insanlarda da müşahidə edilir. Bunun aradan qaldırılması heç zaman gec deyil”.

“Bildirçin və ya göyərçin yumurtasının uşağın danışmasında rolu varmı?”

“Bu qədim türkəçarə metodunun da heç bir elmi əsası yoxdur. Uşağa göyərçin yumurtası verildiyi müddətdə, əgər o danışmağa başlayarsa bu onun artikulyasiya aparatının inkişaf etməsindən xəbər verir.

Bəzən elə olur ki, uşaq gec danışır və ya kəkələyir, amma valideynlər, əsasən də nənələr onu həkimə apararaq müalicə etdirmək əvəzinə xalq təbabəti üsullarına əl atırlar. Bu isə problemin daha da ləngiməsinə, uşağın atikulyasıya aparatının inkişafının pozulmasına, hətta uşaqda psixoloji və nevroloji problemlərin yaranmasına gətirib çıxarır.

Belə olduqda loqopedlər psixoloq və nevroloqlarla paralel işləyirlər. Buna görə də, yaxşı olardı ki, danışmayan uşağa göyərçin yumurtası içirmək əvəzinə gec olmadan həkimə aparsınlar”.

Share: