UEFA Bakı üçün biletlərin qiymətini açıqladı – Siyahı

UEFA futbol üzrə Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə bütün qitə üzrə keçiriləcək AVRO-2020 üçün bilet satışı siyasətini və bilet qiymətlərini açıqlayıb.

Milletinsesi.az xəbər verir ki, 2020-ci ilin 12 iyun – 12 iyul tarixləri arasında keçiriləcək yarış çərçivəsində 24 iştirakçı komandanın oyunları 12 müxtəlif şəhərdə təşkil olunacaq. Bunlar Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburqdur.

Oyunlara rekord sayda – 3 milyon bilet satılacaq ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir. Yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardır. İki milyon yarıma yaxın bilet (UEFA AVRO-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.

‘Fans First’ (Öncə azarkeşlər)

• UEFA AVRO-2020 turnirinin tamaşaçı biletlərinin 82%-i iştirakçı komandaların tərəfdarları və ictimaiyyət üçün nəzərdə tutulub;

• 44 oyun üçün 1 milyon bilet 50 avro və ya daha ucuz qiymətə satılacaq;

• Londonda keçiriləcək iki yarımfinal və final oyunlarına biletlərin 40 minini 100 avrodan daha ucuz qiymətə əldə etmək mümkün olacaq ;

• Satışların ilkin mərhələsində bilet üçün müraciət etmiş, lakin bilet əldə edə bilməmiş azarkeşlər bilet alışı üçün yeni imkanlar olan kimi (digər müraciətçilərin uğursuz ödənişləri və ya bilet qaytarmaları səbəbindən), birinci məlumatlandıracaqlar.

Bilet məhsulları

Biletlər seçim üzrə iki növə bölünəcək:

• Fərdi biletlər: Bir stadionda bir matç üçün biletlər;

• “Komandamı təqib edirəm” biletləri (2019-cu ilin dekabr ayından başlayaraq): Oyunun keçiriləcəyi yerdən asılı olmayaraq, azarkeşlərə sevimli komandalarının pley-off mərhələsi matçında iştirakına imkan yaradan biletlər. Əgər komanda yarışı pley-off mərhələsindən öncə tərk edərsə, o zaman bilet üçün edilmiş ödəniş azarkeşə tam şəkildə geri qaytarılacaq.

UEFA tərəfindən hər matç üçün əlilliyi olan azarkeşlərə stadionda harada yerləşməsindən asılı olmayaraq, ən aşağı qiymət kateqoriyası ilə satılacaq müəyyən sayda bilet ayrılacaq. Bundan əlavə, əlilliyi olan azarkeşlər, həmçinin onları müşayiət edən şəxs üçün də pulsuz yerdən ötrü müraciət edə bilərlər.

euro2020.com/tickets vasitəsi ilə bilet müraciəti üçün müddət

2019-cu il 12 iyun tarixindən 12 iyuladək davam edəcək bilet satışının ilk mərhələsi zamanı ictimaiyyətə 1.5 milyon bilet satılacaq ki, bu da 2016-cı ilin Avropa Çempionatı ilə müqayisədə 50% çoxdur.

2019-cu il dekabrın əvvəllərində start götürəcək bilet satışının ikinci mərhələsi zamanı, iştirakçı komandaların azarkeşlərinə 1 milyon bilet satılacaq, bu isə 2016-cı il ilə müqayisədə 20% çoxdur. Bu satışlar 2019-cu il noyabrın 30-da keçiriləcək final mərhələsinin püşkatma mərasimindən sonra başlayacaq.

Satışların digər mərhələsi 2020-ci ilin aprel ayında keçiriləcək, çünki UEFA AVRO-2020-də iştirak edəcək son dörd komanda 26-31 mart 2020-ci ildə keçiriləcək Avropa təsnifat mərhələsinin pley-off oyunlarından sonra müəyyənləşəcək.

Bütün biletlər yalnız internet vasitəsi ilə və yalnız euro2020.com/tickets veb-səhifəsində satılacaq.

Bütün matç və kateqoriyalarda tələbin təklifi üstələdiyi halda biletlər ədalətli və şəffaf lotereya vasitəsi ilə ayrılacaq. Müraciətin 2019-cu il 12 iyun – 12 iyul tarixləri arasında nə zaman edildiyindən asılı olmayaraq, bütün ərizəçilər uğurlu olmaq üçün bərabər şanslara malikdir.

Biletlərin kateqoriya və qiymətləri

AVRO 2020 üçün biletlər üç qiymət kateqoriyası ilə təklif olunacaq. Ev sahibi şəhərlər yerli sakinlərin alıcılıq qabiliyyətindən və orta gəlir səviyyəsindən asılı olaraq iki qiymət qrupuna bölünüb.

A qrupuna Amsterdam, Bilbao, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq şəhərləri, B qrupuna isə Bakı, Buxarest və Budapeşt şəhərləri daxildir.

Qiymət qrupları sistemi bütün turnir ərzində tətbiq olunur. Nəticə etibarilə, Bakıda keçiriləcək 1/4 final oyunu üçün biletlər Münhen, Roma və Sankt-Peterburqda keçiriləcək 1/4 final matçlarının biletlərinə nisbətən daha ucuzdur.

A QRUPU: AMSTERDAM, BİLBAO, KOPENHAGEN, DUBLİN, QLAZQO, LONDON, MÜNHEN, ROMA, SANKT-PETERBURQ
B qrupu: Bakı, Buxarest və Budapeşt
Yarımfinallar və final: London
Yarımfinallar Final
“Fans First” €85 €95
Kateqoriya 3 €195 €295
Kateqoriya 2 €345 €595
Kateqoriya 1 €595 €945

Hər bir ev sahibi ölkədə tətbiq olunan Əlavə Dəyər Vergisi (ƏDV) bilet qiymətinə daxildir və bu, UEFA tərəfindən ödəniləcək.

Rəsmi “Yenidən Satış” platforması

Biletlərin yenidən satışı üçün platforma azarkeşlərə biletlərini euro2020.com/tickets veb-səhifəsi vasitəsi ilə nominal dəyərə yenidən satışa çıxarmalarına imkan verir. Biletlərin yenidən satış platforması 2020-ci ildə fəaliyyət göstərəcək. Bu platforma azarkeşlərin rəsmi UEFA satış kanalı vasitəsilə biletlərini təhlükəsiz şəkildə digər azarkeşlərdən almalarına imkan yaradacaq. Bu, etibarsız və ya saxta biletlər əldə etmək riskini aradan qaldırır və bilet satıcılarının pullarını tam məbləğdə geri almalarına şərait yaradır.

Qonaqpərvərlik paketləri

12 iyun 2019-cu ildən etibarən bütün stadionlar üçün rəsmi qonaqpərvərlik paketləri olacaq. Bu paketlər daxilində şəxsi kabinetlər, biznes zalları və daha rahat şəraitli klublar kimi bir sıra seçimlər mövcuddur.

 

Share: