Litva Prezidenti Qərbi Rusiya ilə əlaqələri kəsməyə çağırıb

Litva Prezidenti Gitanas Nauseda Qərb ölkələrini Vilnüsdən nümunə götürməyə və Rusiya ilə iqtisadi əlaqələri kəsməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı Litva Televiziya və Radio Şirkətinə (LRT) müsahibəsində danışıb.

“Düşünürəm ki, biz Litvanı Rusiyanın enerji və iqtisadi şantajına daha davamlı etmək üçün çox işlər görmüşük. Bu gün bəzi digər Qərbi Avropa ölkələrinə baxanda Litvanın bir az daha uzun bir yol qət etdiyini görürəm” – Baltikyanı ölkənin lideri bildirib.

O xatırladıb ki, Litva digər Avropa ölkələrindən fərqli olaraq özünü Rusiyanın enerji mənbələrindən tamamilə müstəqil elan edib:

“Görə bilərsiniz ki, Rusiya ilə bağlı heç bir illüziya bəsləməyən siyasət indi bəzi Qərb dövlətlərinin başağrısına çevrilən “realpolitik” adlanan siyasətdən qat-qat yaxşı işə yarayıb. Mən onların durumunu başa düşürəm, lakin bu, Litvanın düzgün yol tutduğunu bir daha təsdiqləyir. Digər Qərbi Avropa ölkələri də eyni yolu nə qədər tez seçsələr, bu hamı üçün bir o qədər yaxşı və asan olacaq”.

Share: