“Qarabağ”ı xatırlayıb, millimizlə oyundan danışdı

“Hara gedəcəyimizi və bizi nəyin gözlədiyini yaxşı bilirik”.

Qol.az xəbər verir ki, bu sözləri Slovakiya yığmasının yarımmüdafiəçisi Patrik Qroşovski yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Avro-2020-nin seçmə mərhələsində iyunun 11-də Bakıda millimizlə keçirəcəkləri oyun haqda fikirlərini bölüşən Plzen “Viktoriya”sının 27 yaşlı kapitanı 3 il əvvəl Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la oynadıqları matçları da xatırlayıb:

“Azərbaycanlı futbolçular evdə daha təhlükəli oynayır. Klub səviyyəsində 3 il əvvəl “Qarabağ”la oyunlarımız bunu deməyə əsas verir. Evdə 0:0, səfərdə isə 1:1 oynayıb, mərhələni keçmişdik. Həmin vaxt meydan sahibləri əla təsir bağışlamışdılar. “Qarabağ”ın heyətində hazırda Azərbaycan millisində çıxış edən futbolçular da var idi. Onlar keyfiyyətli oyunçulardır. Ona görə də bizi Bakıda asan oyunun gözlədiyini düşünmək olmaz”.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.

Share: