Bakının Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında yerləşən jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilib.
Bu barədə Milletinsesi.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Sakinlərin təklif və müraciətləri nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə aparılan abadlıq işləri çərçivəsində binanın həyətində ümumilikdə 350 kv.m sahədə yeni tamet daş örtüyü salınmış, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə iki yeni söhbətgah, yeni işıq dirəkləri və oturacaqlar quraşdırılıb, o cümlədən yararsız idman qurğuları və attraksionlar yenilənib, eyni zamanda uşaqlar üçün əyləncə meydançaları rezin örtüklərlə üzlənib. Eyni zamanda, burada keçirilmiş iməclik işləri zamanı həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, həmişəyaşıl ağac və gül kollarının əkilməsi də təmin edilib.
Ötən dövr ərzində müvafiq binada yaşayan jurnalistlərin məişət ehtiyaclarının qarşılanması və rahatlığının təmin olunması məqsədilə market istifadəyə verilib, binanın qarşısında bankomat və “BakıKart” yükləmə aparatı yerləşdirilib. Bununla yanaşı, binanın işıqlandırma sistemi əsaslı şəkildə yenilənmiş, ərazidə yaşıllıq sahələrinin artırılması məqsədilə mütəmadi olaraq ağacəkmə kampaniyası keçirilməkdədir.
Qeyd edək ki, aparılan abadlıq işlərində əsas məqsəd binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.