Şəhid polkovnik-leytenant Babək Ramaldanovun xatirəsi anılıdı

Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanovun xatirəsi anılıb.

Avqustun 9-da Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanovun doğum günündə İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub. Məzarı üzərinə əklil qoyulub, tər güllər düzülüb, şəhidimizin ruhuna dualar oxunub. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Xalq artisti şəhid atası-Əli Nur, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Share: