Azərbaycan güləşçiləri İslamiadanı 23 medalla başa vurub

Azərbaycanın güləşçiləri Konyada keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizəni başa vurub.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Avropa çempionu Sənan Süleymanov (77 kq) finalda Olimpiya mükafatçısı, ikiqat Asiya çempionu qırğızıstanlı Akjol Mahmudova 2:5 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.

Sabah Şəriəti (130 kq) qazaxıstanlı Anton Savenkoya 5:0 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal uğrunda görüşdə qırğızıstanlı Atabəy Azisbəyova 2:3 hesabıyla məğlub olaraq medalsız qalıb.

Beləliklə, Azərbaycan güləşçilər İslamiadanı 8 qızıl, 8 gümüş və 7 bürünc medalla başa vurub.

19:40

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazanıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 67 kq çəki dərəcəsində yer alan yunan-Roma güləşçisi Həsrət Cəfərov finalda qırğızıstanlı Amantur İsmayılova 3:1 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.

Bu, Azərbaycanın güləşdə 8-ci, ümumilikdə 12-ci qızıl medalıdır.

19:14

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 10-cu qızıl medalını qazanıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qadın güləşçi Jalə Əliyeva (57 kq) finalda Ester Kolavoleyə (Nigeriya) 14:6 hesabı ilə qalib gələrək qızıl medalı əldə edib.

Bu, Azərbaycanın güləşdə 7-ci, ümumilikdə 10-cu qızıl medalıdır.

Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının bürünc medalçısı, yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) isə bu dəfə də qızıl medal qazana bilməyib. O, finalda bu ilin Asiya çempionu Jolaman Şarşenbəyova (Qırğızıstan) 2:10 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

15:33

Azərbaycanın daha bir güləşçisi Jalə Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.

“Report”un məlumatına görə, o, yarımfinalda türkiyəli rəqibi Elvira Kamaloğlu üzərində 9:6 hesablı əzmkar qələbə qazanaraq bu nailiyyətə imza atıb.

Beləliklə, Bakı vaxtı ilə saat 18:30-dan etibarən start götürəcək final görüşlərində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleyamanov (77 kq) və Jalə Əliyeva (57 kq) final görüşlərinə çıxacaq. Məhəmməd Əhmədiyev (87 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medal üçün mübarizə aparacaq. Hər iki idmançı yarımfinalda müvafiq olaraq özbəkistanlı Jalqasbay Berdimuradova 0:8 və türkiyəli Osman Yıldırıma 1:3 hesabı ilə uduzub.

14:55

Azərbaycanın üç güləşçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.

“Report”un məlumatına görə, dünya və Avropa mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının medalçısı Murad Məmmədov finala yüksəlib. O, yarımfinalda türkiyəli Ayhan Karakuşa 10:7 hesabı ilə qalib gəlib.

Daha sonra eyni uğuru Avropa mükafatçısı Həsrət Cəfərov (67 kq) da təkrarlayıb. O əvvəlcə iranlı Məhəmməd Cavad Rezaiyə (10:3) və yarımfinalda türkmənistanlı Bəymurad Nobatova (9:1) qalib gələrək finala yüksəlib.

O cümlədən dünya mükafatçısı və Avropa çempionu Sənan Süleymanov (77 kq) finalda çıxış edəcək. O, yarımfinalda tunisli Lamjed Maafiyə 4:3 hesabı ilə qalib gəlib.

14:32

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər.

“Report”un məlumatına görə, bu gün mübarizə aparan Azərbaycanın yeganə qadın güləşçisi Jalə Əliyeva (57 kq) A qrupunda ilk görüşdə özbəkistanlı Layloxon Sabirovaya “tuşe” ilə qalib gəlib.

Kişi yunan-Roma güləşçilərindən Məhəmməd Əhmədiyev (87 kq) B qrupunda ilk görüşdə cəmi 26 saniyəyə tacikistanlı Bəxtəvər Həsənovu 8:0 hesabıyla məğlub edib. O daha sonra qırğızıstanlı Atabəy Azisbəyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Sabah Şəriəti (130 kq) B qrupunda ilk görüşdə özbəkistanlı Mumincan Abdullayevə 4:1 hesabıyla qalib gəlib.

Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidəhmədova 4:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, bu gün titullu güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) da mübarizə aparacaq.

Xatırladaq ki, Azərbaycan güləşçiləri bu anadək 6 qızıl, 6 gümüş və 6 bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan güləşdə yalnız İrandan geridədir.

Mənbə

Share: