Azərbaycan UNESKO-nun bu komitəsinə üzv seçildi

Parisdə UNESKO-nun baş qərargahında keçirilən “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasında ölkəmiz mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Milletinsesi.az xəbər verir ki, sessiyanın sonuncu günündə 2019–2023-cü illər üçün “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçirilib.

Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Komitəyə 4 illik üzv seçilib.

Qeyd edək ki, Azərbaycandan əlavə Komitəyə Avstriya, Danimarka, Braziliya, Ekvador, Sent Vinsent və Qrenadin, Monqolustan, Burkina Faso, Efiopiya, Seneqal, Qətər və Ermənistan da seçiliblər. 24 üzv ölkənin nümayəndələrini ildə bir dəfə hesabat xarakterli görüşə toplayan Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.

 

Share: