Azərbaycanda elektron ticarət platformalarına xüsusi etibarlılıq nişanları veriləcək

Azərbaycanda fəaliyyət göstərən elektron ticarət platformalarına xüsusi etibarlılıq nişanları veriləcək. Bunu “APA-Economics”ə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib ki, bununla bağlı artıq layihələr işlənilib və müvafiq tövsiyələr hazırlanıb.

“Azərbaycanda etibarlılıq nişanlarının praktiki tətbiqi, bu sahədə qanunvericiliyin formalaşmasından sonra başlaya bilər. İstisna deyil ki, bu praktikanın ölkədə tətbiqinə yaxın bir il ərzində başlanıla bilər”, – deyə Nazirlikdən qeyd ediblər.

Əlavə olaraq bildirilib ki, belə bir qanunvericilik cari ildə Türkiyədə qəbul olunub. Hazırda bu ölkədə fəaliyyət göstərən elektron ticarət saytlarına, onların müraciəti əsasında ayrıca qurum tərəfindən sertifikatlaşdırma aparılır və əyər ticarət platforması tələblərə uyğundursa ona etibarlılıq nişanı verilir.

Share: