Böyük Britaniyanın baş nazirliyinə namizəd, keçmiş maliyyə naziri Rişi Sunak Rusiya prezidenti Vladimir Putini noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirakdan məhrum etməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə “Sky Nyus” telekanalı R.Sunakın sözçüsünə istinadən məlumat yayıb.
“Biz Putinə güclü siqnal göndərməliyik ki, Ukraynadakı qeyri-qanuni müharibəsini bitirənə qədər G20 masasında ona yer olmayacaq”, – Sunakın sözçüsü bildirib.
O deyib ki, Britaniyanın G20-dəki tərəfdaşları və müttəfiqləri “Putinin davranışını dəhşətli adlandırmaq üçün kollektiv məsuliyyət daşıyırlar”.
G20 liderlərinin sammiti noyabrda Balidə keçiriləcək. Əvvəlcə bir sıra Qərb ölkələri, ilk növbədə ABŞ və Kanada Rusiyanı G20-dən tamamilə çıxarmağı təklif etsə də, digər G20 dövlətləri məsələnin belə formalaşdırılması ilə razılaşmayıblar. İndoneziya ən yüksək səviyyədə sədr kimi G20-ni birləşdirmək və onun parçalanmasının qarşısını almaq istədiyini vurğulayıb, Putinə sammitdə iştirak üçün dəvət göndərilib. İndoneziya Qərb dövlətləri ilə güzəştə getmək üçün G20-nin üzvü olmayan Ukraynanı G20 toplantısına qonaq kimi dəvət edib.
Daha əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Putin G20 sammitində iştirak üçün ən yaxşı formata bu tarix yaxınlaşdıqca qərar verəcək.