İsveç və Finlandiya Türkiyənin terrorla əlaqəsi olan şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərinə müsbət cavab verməyib.
“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ jurnalistlərə açıqlamasında deyib.
Ekstradisiya ilə bağlı müraciətlərimizə müsbət cavab almamışıq. Müraciətimizi yenilədik və xahişlərimizi bir daha xatırlatdıq”- deyə, o bildirib.
Türkiyə hökuməti daha əvvəl bəyan etmişdi ki, NATO-nun iyun sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun xarakter daşımır və Stokholm və Helsinki terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, Türkiyə parlamenti onu təsdiq etməyə bilər.
Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri iyunun 28-də iki ölkənin NATO-ya qəbulu qarşısındakı maneələri aradan qaldıran memorandum imzalayıblar. Sənəd terrorizm, o cümlədən Türkiyənin terror təşkilatı hesab etdiyi PKK, onun qolları, eləcə də Türkiyənin 2016-cı ildə hökumət çevrilişinə cəhddə iştirakda ittiham etdiyi FETÖ təşkilatı ilə mübarizədə Ankara ilə əməkdaşlığın qurulmasını nəzərdə tutur.