Biz təkcə strateji tərəfdaş deyil, həm də müttəfiqik

“Bu gün səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparıldı, çoxlu sənədlər imzalandı”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

 

Dövlət başçısı deyib ki, onlardan bəziləri bizim iştirakımızla, 20-dən çox sənəd isə bu gün müvafiq strukturlar arasında imzalandı: “Bu, münasibətlərimizin daha geniş hüquqi bazasını yaradır. Əlbəttə, həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında indicə imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

 

Prezident İlham Əliyev qeyd edib ki, bu gün müzakirə sahəsi kifayət qədər genişdir və hər bir istiqamət üzrə ölkələrimizin baxışlarının tamamilə üst-üstə düşdüyünü görürük: “Bu, bir daha göstərir ki, Qazaxıstan və Azərbaycan təkcə sözdə deyil, əməli işdə də strateji tərəfdaşlar və müttəfiqlərdir”.

Mənbə

Share: