Gədəbəydə 22 km-lik yol yenidən qurulur

Gədəbəy rayonunda 22.2 km uzunluğa malik avtomobil yolları yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu 16 km uzunluğa malik Arıqdam-Soyuqbulaq və 6.2 km uzunluğa malik Soyuqbulaq-Günəşli avtomobil yollarıdır.

Yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, yolun 2840 metr hissəsi ortalama 1.5 metr dərinlikdə yararsız vəziyyətə düşmüşdü. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaranmış maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyu lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun 14 km-lik hissəsində normativ eni almaq üçün dağ yamacları mexanizmlə kəsilərək yolda geişləndirmə işləri aparılıb, bəzi hissələrdə torpaq yatağının 1 metr qalınlıqda yuyularaq azalmış hissələri xüsusi qrup qruntla doldurub, bundan başqa yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb və əks dolğu işləri görülərək yeni torpaq yatağı inşa edilib.

Mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün layihə çərçivəsində yenilənməsi işləri də aparılır. Belə ki, yol boyu müxtəlif diametrlərə malik 242 paqon-metr uzunluğunda dairəvi dəmir-beton borular quraşdırılıb izolyasiya olunur. Bundan başqa, yolun qazma hissəsində mövcud küvetlər tam dolduğu üçün 14 590 paqon-metr uzunluğunda küvetlər təmizlənir.

Bunun ardınca torpaq yatağı profilə salınaraq yol əsasının inşası işləri aparılıb. Karxana çınqılı ilə əsasın alt, optimal qum-qırmadaş qarışığı ilə isə əsasın üst layı inşa edilib.

Hazırda yolun 130 min kv.m-dən çox sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir.

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yol kənarında 1090 paqon-metr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Share: