Ukrayna Xersona hücuma başladı, Rusiya desantçıları döyüş meydanından qaçdı…

“Nəhəng və vahiməli HIMARS-lar praktiki olaraq bütün körpüləri məhv edib, yalnız piyada keçidləri qalıb…”

“Rusiya ordusu Krımdan silah və şəxsi heyət tədarükündən məhrum olub…”

“Novaya Kaxovkada iş yerlərindən təxliyə elan edilib, insanlar sığınacaqlara yollanır…”

Ukraynanın özünümüdafiə qüvvələri Rusiya tərəfindən zəbt edilən Xerson vilayətində bir çox istiqamətlərdə hücum əməliyyatlarına başlayıb.

Milletinsesi.az xəbər verir ki, “Kaxovka” opetativ qruplaşması regionda ilk müdafiə xəttinin yarılması barədə bəyan edib və öz sözlərini video ilə təsdiq edib.

Kadrlardan görünür ki, rusiyalı hərbi qulluqçulardan biri Ukrayna Silahll Qüvvələrinin ilk müdafiə xəttini yarması və tanklardan, artilleriyadan və aviasiyadan rusiyalılarının mövqelərini atəşə tutmasından şikayət edir.

“DXR-in 109-cu alayı Xersonda öz mövqelərindən geri çəkilib, onlara dəstək olan rusiyalı desantçılar döyüş meydanından qaçıb”, – məlumatda belə deyilir.

“Xersonun müvəqqəti işğal edilən ərazisində vəziyyət son dərəcə mürəkkəbdir. Nəhəng və vahiməli HIMARS-lar praktiki olaraq bütün körpüləri (Antonov, dəmiryol, avtomobil və Novokaxovka) məhv edib. Yalnız piyada keçidlər qalıb.

Rusiya ordusu Krımdan silah və şəxsi heyət tədarükündən məhrum olub. Ukrayna üçün bu, öz ərazilərini geri qaytarmaq üçün ən gözəl şansdır”, – “Kaxovka” döyüş meydanındakı vəziyyəti belə şərh edib.

Həmçinin, açıqlanan xəritədə rusiyalıların logistikasının harada pozulmasına müvəffəq olunmasını görmək olar.

Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları operativ komandanlığının nümayəndəsi Natalya Qumenyuk Liga.net xəbərlər portalına bəyan edib ki, əslində, Ukrayna hərbçilərinin əkshücumu çoxdan başlayıb. Onların vəzifəsi düşmən bölmələrini taqətdən salmaq və buna qədərki mövqelərindən daha da irəliyə getməsini istisna etmək olub. Qumenyuk ilk müdafiə xəttinin yarılmasını təsdiq edib. Hücum əməliyyatlarının istiqamətləri barədə o, məlumat verməyib.

Odessa vilayət hərbi administrasiyasının spikeri Sergey Bratçukun məlumatına görə, hazırda Xerson vilayətinin işğal altında olan Berislav bölgəsində rusiyalıların baza yaratdiği maşın zavodu yanır. Həmçinin, rusiyalıların dislokasiya olunduğu Şimal Krım kanalının yanındakı post atəşə tutulub. Berislav rayonunun Qavrilovka kəndində Rusiyanın döyüş sursatları olan tərkibi dəqiq nişan alınıb.

Öz növbəsində Berislav rayon administrasiyasının rəhbəri Vladimir Litvinov “Cycпiльне” telekanalına bəyan edib ki, maşınqayırma zavodunun ərazisindəki rusiyalıların mövqelərinə zərbə endirilib. Onun məlumatına görə, hazırda orada böyük yanğın baş verib.

Qeyd edək ki, Berislav Dnepr çayının sağ sahilində yerləşir. Novokaxovka SES-də çay üzərindən keçən ən yaxın körpü hərəkət üçün yararsızdır.

“Novaya Kaxovkada iş yerlərindən təxliyə elan edilib, insanlar sığınacaqlara yollanır”, – Rusiya KİV-ləri məlumat yayıb.

Mənbə

Share: