MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Milli Olimpiya Komitəsində 7 sentyabr -Ümumdünya Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib.

MOK-un mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.

X.İsayev bildirib ki, istər meydanda, istərsə də meydandan kənarda idmanla məşğul olan hər kəs hər il bu tarixdə ədalətli oyun təşəbbüsləri, layihələr və uğurlar haqqında məlumat paylaşır.

Daha sonra “Spirit of Fair Play” beynəlxalq foto müsabiqəsinin nominantları – fotoqraflar İlqar Cəfərov, Zaur Mustafayev və Fərqanə Qasımlıya diplomlar təqdim olunub.

X.İsayev “Ədalətli oyun ruhunda keçən idman karyerası və həyat” kateqoriyası üzrə “Con Borotra” Dünya Ədalətli Oyunlar diplomunu Ç.Hüseynzadəyə təqdim edib. Qeyd olunub ki, MOK-un vitse-prezidenti Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının təsis etdiyi nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafat”ı ilə təltif olunub.

Ç.Hüseynzadə bu mükafata indiyədək ədalətli oyun prinsiplərinin təbliği, Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə əlaqələrin qurulması istiqamətində gördüyü bir sıra mühüm işlərə görə layiq görülüb. Azərbaycanın və dünya idmanının inkişafında bir sıra xidmətləri olan vitse-prezidentin rəhbərliyi ilə keçirilən tədbirlər yüksək səviyyədə və ədalət prinsiplərinə sadiqlik şəraitində keçib. O, Avropa Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyasında ilk dəfə Azərbaycanı təmsil edib. Avropa Olimpiya Komitəsinin “Şərəf” ordeni ilə təltif olunub.

Ç.Hüseynzadə öz çıxışında bildirib ki, MOK-un Ədalətli oyunlar Komissiyası hər il ənənəvi olaraq, idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə ilin sonunda, eləcə də müxtəlif yarışlarda 6 nominasiya üzrə mükafatlar təsis edir, gənc nəslin diqqətini cəlb etmək məqsədilə də bir sıra tədbirlər keçirilir.

Daha sonra Ədalətli Oyunlar Komissiyası, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi və Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının Azərbaycan nümayəndəliyi İNBA Qlobal Azərbaycan Birliyi arasında birgə əməkdaşlıq haqqında memarandum imzalanıb.

Sonda qonaqlar İncəsənət Gimnaziyasının skripkaçılar ansamblının ifasını dinləyiblər.

Mənbə

Share: