Konstitusiya Məhkəməsi Prokurorluğun sorğusu əsasında qərar qəbul etdi

 

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu əsasında qərar qəbul edib.

Milletinsesi.az xəbər verir ki, sentyabrın 9-da Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Cinayət Məcəlləsinin 73.1-ci və 73.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Baş Prokurorluğun və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Sultanovun, mütəxəssis Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın və həmin fakültənin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor F.Abbasovanın rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən edib.

Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır.

Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Mənbə

Share: