Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar həyata keçirən hərbi pilotlarımız qardaş ölkənin hərbi pilotları ilə birgə verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.
Təlimdə plana uyğun olaraq şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqlar icra olunub.
Hərbi pilotların təlimdə fəaliyyətləri təhlil edilərək təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.