“Mən düşünmürəm ki, bu, Paşinyanın özünün təşəbbüsüdür. Çox güman ki, bunu Paşinyana müxalifətdə olan, 44 günlük müharibənin nəticələrindən narazı olan, qisas almaq həvəsində olan zabit və generallar edib. Bu qüvvələr vaxtaşırı sərhəddə və Qarabağda təxribatlar təşkil edir. Azərbaycan hər dəfə reaksiya verir, lakin reaksiyanın şiddəti siyasi vəziyyətdən və dəymiş ziyandan asılıdır”.
Moderator.az xəbər verir ki, bu fikirləri hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinin keçmiş əməkdaşı Azad İsazadə rusdilli “Kavkazski uzel” nəşrinə Ermənistan silahlı qüvvələrinin hər iki tərəfdən ağır itkilərlə nəticələnmiş son təxribat xarakterli əməllərindən danışarkən ifadə edib.
“Bu dəfə eskalasiya, məncə, Ermənistanın siyasi rəhbərliyinin birbaşa təxribatı deyildi. Ancaq görünür, buna göz yumdu, çünki rəsmi İrəvanın özü Brüssel razılaşmalarına zidd olaraq, sərhədin delimitasiyası istiqamətində əməli addımlardan yayınmağa, sülh sazişi üzrə danışıqlara başlamaqdan və Zəngəzurdan Azərbaycana dəhliz verilməsindən tamamilə imtina etdiyini bəyan edib. Bəzi lokal toqquşmalar Ermənistan üçün sülh prosesini dayandırmaq üçün faydalı oldu. Lakin reallıqda hər şey sərhədin müxtəlif istiqamətlərində irimiqyaslı döyüşlərə çevrildi”, – deyə İsazadə açıqlamasının davamındabildirib.
Analitik xatırladıb ki, son 10 gün ərzində Ermənistan Silahlı Qüvvələri sərhədin müxtəlif hissələrini, əsasən də Kəlbəcər və Laçın istiqamətlərini atəşə tutub.
“Sentyabrın 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Azərbaycan mövqeləri arasındakı əraziləri və onlara təchizat marşrutlarını minalamaq üzrə daha ciddi əməliyyatlara keçib. Bu, düşmənin Azərbaycan ordusuna ziyan vurmaq imkanlarını zərərsizləşdirmək məqsədilə Azərbaycanın sərt cavabına səbəb olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbi potensialına sarsıdıcı zərbə endirilmişdir. Döyüş postları, silah-sursat anbarları dağıdılıb, hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb, digər hərbi obyektlərə isə yanğından zərər dəyib”, – deyən hərbi ekspert bunu Ermənistan-Azərbaycan münaqişəsinin 2020-ci ilin payızındakı 44 günlük müharibənin başa çatmasından sonra ən geniş vüsət alması kimi dəyərləndirib.
Sultan Laçın