Bakıda vəfat etmiş Vətən müharibəsi qazisi ilə vida mərasimi keçirilib

 

Bakıda Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədovla vida mərasimi keçirilib.

Millətin Səsi.az xəbər verir ki, mərasim qazinin yaşadığı evdə baş tutub.

Mərasimdə qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri iştirak ediblər.

E.Səmədovun atası Qalib Səmədov “Report”a bildirib ki, oğlu 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb:

“Altı ay idi ki hərbi xidməti başlamışdı. Ayağından iki dəfə əməliyyat olunub. Leykoz diaqnozu 2022- ci ilin fevral ayında qoyuldu. Moskvaya apardıq, 18 gün orada qaldı”.

Q.Səmədov onu da bildirib ki, E.Səmədov Qubadlıda aldığı xəsarətlərdən doqquz aydır ki leykoz xəstəliyindən əziyyət çəkirdi:

“YAŞAT” Fondu tərəfindən Türkiyənin İstanbul şəhərində müalicəyə göndərildi. Müalicə yaxşı gedirdi, son bir həftə səhhəti yenidən pisləşdi. Yenidən “YAŞAT” Fonduna müraciət etdik, yenidən Türkiyəyə, İstanbula müalicəyə göndərdilər. Ağır vəziyyətdə xəstəxanaya çatdırdıq, birbaşa reanimasiya yerləşdirdilər. Orada da iki gün qaldıqdan sonra dünyasını dəyişdi”.

Qeyd edək ki, E.Səmədov 18 sentyabr müalicə aldığı xəstəxanada vəfat edib. O, bu gün torpağa tapşırılacaq.

 

Share: