TƏBİB-in “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində Mərkəzi Laboratoriya təşkil olunub.
Bu barədə “Report”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Mərkəzi Laboratoriyanın müasir keyfiyyət standartlarına uyğun Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri yaradılıb.
Mərkəzin fəaliyyətinin bütün mərhələlərində insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Avtomatlaşdırılan sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorlar “E-Təbib” proqram təminatına inteqrasiya etdirilib, bununla da kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası reallaşdırılıb. Beləliklə, İnstitutun klinik şöbələrində stasionar müalicə alan xəstələrin bütün həyati vacib biokimyəvi testləri qısa müddətdə işlənilərək müalicə həkimlərinə təqdim oluna bilir.
Qeyd edək ki, ağır patologiya ilə Reanimasiya şöbəsində uzun müddət müalicə alan yenidoğulanlarda və vaxtından əvvəl doğulan çox aşağı çəkili körpələrdə inkişaf edən infeksion proseslərin diaqnostikasında mikrobioloji laboratoriyalar müstəsna əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınaraq Mikrobioloji Laboratoriya avtomatlaşdırılan sistemlərlə təchiz edilib.