Psixoloq Selçuk Demirbaş: “Müharibə sonrası fəsadlardan qurtulmaq mümkündür” – MÜSAHİBƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən psixoloji problemlər yaşayan qazilərimizə, eyni zamanda doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə psixoloji yardım davam etdirilir. Bu qəbildən olan insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Türkiyədən yenidən 20 nəfərdən artıq peşəkar psixoloq Azərbaycana gəlib. Peşəkar psixoterapevtlər və nazirliyin psixoloqlarının birgə iştirakı ilə sentyabrın 5-dən etibarən ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilir. Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Sumqayıt, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər.

Türkiyədən Azərbaycana gələn psixoloq heyətinin rəhbəri, psixoloq Selçuk Demirbaşın “Report”a müsahibəsi:

– Son zamanlar dünyada baş verən hadisələr (pandemiya, müharibə və s…) insanların psixoloji durumuna necə təsir edir?

– Son zamanlar dünyada baş verən hadisələr insanlarda əsasən təşviş pozğunluğuna səbəb olur. Yəni, ölüm qorxusu, xüsusilə də yaxınlarını itirmək təhlükəsi kimi gələcəyə dair qorxu yaranmış olur. Simptomlar arasında nəfəs çatışmazlığı, boğulma hissi, ağlama istəyi, əllərin tərləməsi və titrəməsi olur. Bundan başqa, sıx görülən hallardan biri də depressiyya simptomlarıdır. Eyni zamanda yuxu pozğunluğu, baş ağrıları, eləcə də yuxudan oyananda halsız və dincəlməmiş kimi oyanmaq, yataqdan çıxmaq istəməmək, işləmək həvəsinin olmaması, az və ya çox yemək alışqanlıqlarının da özünü büruzə verdiyi depressiya halları müşahidə olunur. Baş verən hadisələr genetikasında psixoloji xəstəlikləri olan insanlarda özünü qabarıq göstərir. Müharibədən sonra qazilərdə isə travma sonrası stres pozğunluğu deyilən bir sindrom olur.

– Sürətlə inkişaf edən, böyük dəyişikliklərə məruz qalan dünyada psixoloqların qarşısında duran əsas çağırış nədir?

– Xüsusi vurğulamalıyam ki, sürətlə axıb gedən həyat var. Həyat əvvəlki qədər asta keçmir. Sürətli dəyişikliklərə də uyğunlaşmaq lazımdır. İstəklər, ehtiyaclar getdikcə çoxalır. Artıq insanlar arasında rəqabət yaranıb. İnsanlar bir yandan varlı olmağa çalışarkən, digər tərəfdən də keçmişdən gələn aclıq və qıtlıq sindromlarının təsiri altında qalmış olurlar. Nəzərə də almaq lazımdır ki, stres siqaretdən, alkoqollu içki kimi zərərli vərdişlər qədər insana ziyan verir. Ona görə də əsas hədəf streslə mübarizə aparmaqdır. İkincisi, bizim qismətimiz genetikamızdadır. Yəni əcdadlarımızdan gələn genlər bizə təsir edir. Sadəcə biz bunun fərqində olmuruq. Bəzən özümüzü normal insan kimi hiss edirik, lakin hansısa anda baxırıq ki, psixoloji problemlərimiz var. Bu psixoloji vəziyyətlə də yaşayırıq, işləyirik, evlənirik. Sonradan çıxan psixoloji problemlər də boşanmalara, həyatı davam etdirməyəcək şəkildə problemlərə yol açmış olur. Ona görə də tövsiyə edərdim ki, psixoloqa müraciət etmək üçün hansısa problemin olmasını gözləməyin. Xüsusilə də gənclər evlənməzdən əvvəl psixoloji müayinədən keçməsi məsləhətdir. İnsanlar heç olmasa ildə bir dəfə psixoloq yanına getməsində fayda var. Qərb ölkələrində olduğu kimi hər ailənin öz psixoloqunun olması uyğun olardı.

Selçuk Demirbaş

Selçuk Demirbaş

– Bəzən deyirlər ki, psixoloq da insana elə bildiyimiz sözləri deyir, başqa insanların verdiyi məsələhəti verir. Bunun əsası varmı?

– İlk olaraq qeyd edim ki, psixoloq pasiyentə məsləhət və ağıl verməz, dərtləşməz. Bu dediklərim iki dost və ya qonşu arasında olur. Psixoloqlar seansa başlayanda bütün dini inanclarını, əxlaqi dəyərləri və digər düşüncələri unudurlar. Psixoloq pasiyentin problemlərinə qulaq asar və onlara çıxış yolu göstərər. Keçmişdən qalan mif var ki, sanki psixoloqla söhbət edilir. Lakin bu, belə deyil. Hətta qeyd edim ki, seanslarda müxtəlif yöntəmlərlə insanların düşüncələrində canlandırdığı səhnələri, eşitdiyi pis sözləri və travmaları bəzi üsullarla təsirini aradan qaldırırıq. Beynin fəaliyyətinə görə müxtəlif üsullardan istifadə edərək effektiv müalicə aparırıq. Hazırda Azərbaycanda da qazilər və şəhid ailəsi üzvləri ilə bağlı ayrı bir travma terapiyası modelini işləyirik. Qazilərin 3-4 seansda simptomları aradan qaldıracax üsullerdan istifadə edirik.

– Bir insanın aldığı psixoloji terapiyanın effektiv olması üçün nə etmək lazımdır?

İlk növbədə insanlar psixoloqa inanaraq gəlməlidir. Valideynlərin təkidi və ya hansısan qonşunun istəyi ilə gəlməkdən əlavə insanlar “məndə problem var və təkbaşına həll edə bilmirəm, peşəkar birinin yanına gedim” düşüncəsinin yaranması lazımdır. İkincisi, psixoloqla pasiyent arasında güvən olması mütləqdir. Terapiyalara müntəzəm gəlinməli, eləcə də ailənin bu müddət ərzində pasiyentin yanında olması, dəstək göstərməsi çox vacibdir. Dolayısı ilə də ailənin və ətrafın pasiyentlərə, xüsusilə də qazilərimizin yanında olması mütləqdir.

– 2020-ci ildən, Vətən müharibəsindən sonrakı dövrdə mütəmadi şəkildə psixoloji problemlər yaşayan qazilərimizə, eyni zamanda doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə ödənişsiz psixoloji yardımla əlaqəli Azərbaycana gəlirsiniz. İlk gəlişinizdə azərbaycanlı qazilərin durumu necə idi?

– Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə keçən ildən başlayaraq psixoloji problemlər yaşayan qazilərimizə, eyni zamanda doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə ödənişsiz psixoloji yardımla əlaqəli Azərbaycana gəlirik. Könüllü olaraq Türkiyədən 25 nəfər gəldik. Onların bəziləri dövlət qurumlarında, bəziləri də sərbəst qrafiklə çalışan psixoloqlar idi. Layihə 8 ay davam etdi və həmin müddətdə 2 mindən çox qazi və şəhid ailəsi üzvlərinə, terror qurbanına psixoloji yardım göstərdik. 8 aydan sonra müraciətlərin sayında azalma oldu və layihəni növbətisi başlayana qədər bitirmək qərarına gəldik. Artıq bir illik fasilədən sonra yenidən FHN-in dəvəti ilə bu dəfə 21 psixoloji heyətlə qayıtdıq. Sentyabrın 5-dən başlayan bu dəfəki layihəmiz çərçivəsində 345 qazi və şəhid ailəsi üzvünü qəbul etmişik və hazırda müalicələri davam edir.

– İlk səfərinizdə müraciət edən qazilərin vəziyyətində hansı dəyişikliklər var?

– Müharibədən sonra travma sonrası stress pozğunluğu adlandırdığımız posttravmatik stres pozğunluğu sindromu meydana çıxır. İlk gəldiyimizdə müharibə təzə bitmişdi və sindrom başlanğıc mərhələsində idi. Həmin qazilərlə əldə etdiyimiz terapiyanın nəticəsi müsbət idi. Araşdırmalarımız da onu deməyə əsas verir ki, müalicə etdiyimiz qazilərin 85 %- post travmatik stresin simptomlarından azad olup. Yerdə qalanlar da ya bir seans gəlib, yaxud da təxirə salıb. İndi gəldiyimizdə mualice almayanlar da travma sonrası stres bozukluğu semptomlarının devam ettiğini gördük. İlk vaxtda bizə ve ya Azerbaycanda ki meslektaşlarımıza müraciət etməyənlər və müalicə almayanların xəstəliyi xronikləşib. Bununla yanaşı həmin şəxslərin xəstəlikləri üzərinə şahsi problemlər də gəlib. Sevgilisindən ayrılan, həyat yoldaşından boşanan, yoldaşı dostlarıyla ünsiyetleri pozulan və bu kimi hallardan sonra aqresivləşən, bu səbəbdən ailə üzvləri problem yaşayan şəxslər var. Xronikləşmənin müalicəsi təbii ki, var. Sadəcə seansların müddəti biraz uzana bilər. Bir sözlə, müharibə sonrası fəsadlardan qurtulmaq mümkündür.

– Azərbaycanlı qazilər ən çox nədən şikayət edirlər?

– Qazilər adətən travma sonrası stres pozğunluğu ilə müraciət edirlər. Yuxusuzluqdan əziyyət çəkən, şiddətli baş ağrısı (yuxusuzluqdan qaynaqlanan), bədəndə ağır stres, əllərdə əsmə və tərləmə, mütəmadi səksəkədə olmaq, hər an təhlükə qoruxusu ilə yaşamaq, davamlı şəkildə müharibədə baş verənləri yuxuda görmək, həyata tutuna bilməmək, ürək döyüntüsünün çoxalması, nəfəs ala bilməmək, boğulma, ağlama istəyi, aqressivlik və s. Simptomları olan qazi, şəhid ailə üzvləri və terror qurbanları mütləq şəkildə psixoloqa müraciət etməlidir. Biz tam ödənişsiz şəkildə həmin şəxslərə yardım göstərməyə hazırıq.

– Müharibənin baş verdiyi bir çox dövlətlərdə iştirakçıların özünə və ya ətrafına zərər vurma halları geniş yayılır. Bunun səbəbi nədir və qarşısını necə almaq olar?

– Özünə zərər vermə halları adətən şəxsin özü-özü ilə bacara bilməməsi ilə bağlı olur. Yəni yaşadığı sindromla bacara bilmir. Həmin şəxs adətən özündə nə baş verdiyini dərk etmir. Bu da qorxunc haldır. Çünki insan özündə nə baş verdiyini bildiyi vaxt özünü sakitləşdirə bilir. Biz də müraciətlərə onlara nələrin baş verdiyini izah etməyə çalışırıq. Ağır travma keçirən insanlarda yaddaş zəifləyir, diqqət pozulur, mühakimə bacarığı itir, qərarvermə bacarağı azalır və iradə zəifləyir. Bunlar insan beyninin bacarıqlarıdır. Eləcə də özünü dəyərsiz və lazımsız, özgüvənsiz, sahibsiz, yalnız hiss etmə özünə, yaxud ətrafa zərərvurma hallarını artırmış olur. Belə hallarda ailələrin üzərinə böyük yük düşür. Ailələr övladlarında nəyin baş verdiyibi bilmədikləri üçün analar uşaqlarına analıq hissi ilə üstünə gedirlər. Yemək ye, duş qəbul et, gəzməyə çıx kimi basqılar edilir. Belə edərək övladlarını yenidən həyata qaytarmağa çalışırlar. Müharibədən sonra ciddi travması olan şəxslərin də səbri olmur və aqresivləşə bilirlər. Müraciət edən qazilərdən bir çoxu müharibədən əvvəl valideynlərə qarşı çox həssas olduğunu və sonradan şiddətə meylli olduğunu deyib. Ona görə də valideynlərin övladlarının səhhətində nələrin baş verdiyini bilməkdə fayda var. Hətta ailələr də bizə müraciət edərək terapiyadan keçə bilər və övladlarında nə baş verdiyini öyrəyə bilərlər. Onu da qeyd edim ki, bizə müraciət edən qazilərdən çox sayda özünə zərərvurma hallarının qarşısını ala bilmişik.

– 2020-ci ilin müharibəsindən sonra da Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalar olur, şəhid veririk, insanlar narahat olurlar. Belə bir vəziyyətdə insanlara nə məsləhət görərdiniz?

– Bütün şəhidlərə Allahdan rəhmət diləyib yaralılara da tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirəm. Biz hər zaman onların yanındayıq. Müharibə hər zaman cəbhədə olmaz, biz də psixoloji cəbhədə mübarizə aparırıq. Müharibədən bu yana həmişə azərbaycanlı qardaşlarımızın yanındayıq və olmağa da davam edəcəyik.

Təbii ki, qazilər döyüş yoldaşlarıbarədə xəbərləri izləyirlər. Sosial şəbəkədə cəbhədən şəkillər paylaşılır. Bu da istər-istəməz müharibədən yeni çıxan və hələlik stress, eləcə də problemlərini həll etməyən qazilər üçün müsbət nəticə vermir. Dolayısı ilə həmin səhnələri unutmaq yerinə mütəmadi şəkildə beynində yenilənir. Odur ki, çoxlu meyit və cəsəd şəkillərinə baxmamaq məsləhət görülür.

– Qazi və ya şəhid ailəsi üzvləri adətən psixoloqa müraciət etməyə utanırlar. Onlara nə məsləhət görərsiniz?

– Qazilərlə bağlı belə hal elə də çox yaşanmır. Lakin şəhid ailəsi üzvləri terapiya üçün bizə adətən müraciət etmirlər. Bunun da iki səbəbi var. İlk növbədə mentalitet baxımından ananın “oğlum şəhid olub amma mən psixoloqa gedəcəm? Ondansa oturub oğlumun acısını yaşayaram”, yaxud da “psixoloqa getsəm guya nə olacaq? Oğlumu unutduracaq?” kimi düşüncəsi var. İkincisi, o qədər böyük acı yaşayır ki, onları da başa düşürük. Daxilindəki alovun psixoloqun söndürə bilməyəcəyini düşünürlər. Ətrafdakıların da şəhid oğlunun yasını tutmur, həkimə gedir deyə qınanar yanaşması mümkündür. Şəhid ailə üzvlərinə tövsiyə edirik ki, mütləq şəkildə psixoloqa müraciət etsinlər. Çünki oğulları yaşasaydı ailə üzvlərini sağlam görmək istəyərdi. Terapiyadan keçmək şəhidi unutmaq demək deyil. Müalicə almaq sağlam şəkildə geriyə qalan ailə üzvləri ilə daha yaxşı maraqlanması üçün önəmlidir. Bizim mədəniyyətimizdə belə anlayış ki, şəhid onun anası yaşadıqca yaşayır. Çünki ən çox analar ve atalar şəhidin adını yaşadırlar. Ona görə də şəhid anaları, ataları,gardaşları,yoldaşları ve uşaqları özlərinə yaxşı baxmalı en gısa sürede bize başvurarak terapi almalıdırlar.

– FHN ilə birgə layihə nə zamana kimi davam edəcək?

– FHN-in psixoloqları ilə birlikdə Bakı, Sumqayıt, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirməyi düşünmüşük. Başladığımız bu psixoloji yardım işini sonadək davam etdirəcəyik. Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Mənbə

Share: