44 günlük Vətən müharibəsindən sonra Azərbaycan özünün tarixi və beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü təmin edib. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi də prosesin növbəti mərhələsi idi. Azərbaycanın ortaya qoyduğu qətiyyətli mövqe ilə bölgədə sülhə, təhlükəsizliyə başlıca təhdid yaradan amil aradan qaldırılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərinə səfəri və burada üçrəngli dövlət bayrağımızı qaldırmasını hər bir azərbaycanlı fəxr və qürurla izlədi və bu anlar tarixə həkk olundu. Bütün bunlar bir daha dünyaya göstərdi ki, bu torpaqların əsl sahibləri kimdir. Azərbaycan öz əzəli, əbədi torpaqlarına qayıdıb.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, Ali Baş Komandanımız İlham Əliyev çıxışı zamanı Ermənistana və Ermənistandakı revanşist qüvvələrə lazımi mesajlar verdi. Erməni təribatlarına toxunan ölkə başçımız cənab İlham Əliyev növbəti dəfə bəyan etdi ki, qüdrtəli Azərbaycan Ordusu Ermənistan tərəfinin törətdiyi istənilən təxribatın qarşısını layiqincə alaraq onları yerinə oturdacaq. Laçın şəhərinin böyük hissəsinin tamamilə viran qoyulduğunu, dağıdıldığını, bəzi yerlərdə qanunsuz məskunlaşma aparıldığını qeyd edən cənab Prezidentimiz, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, o cümlədən Minsk qrupunun həmsədrlərinin bütün bunlara sadəcə olaraq göz yumduğunu qeyd etdi. Ermənistan hərbi-siyasi rəhbərliyinin destruktiv mövqeyi, beynəlxalq təşkilatların və dünyanın güc mərkəzi olan dövlətlərinin ikili standartları Azərbaycanı hərbi-siyasi yollarla tarixi torpaqlarımızı işğaldan azad etməyə vadar etdi. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, 30 ilə yaxın bir müddətdə bu işğalı əbədiləşdirmək və status-kvonu saxlamaq üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək əllərindən gələni etdilər. Nəticədə, Azərbaycan haqq-ədalət uğrunda müharibəni bütün dünyaya nümunə olacaq şəkildə apardı və qalib gəldi.
Çıxışı zamanı Ali Baş Komandanımız “Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq” deməsi ölkə başçımızın və Azərbaycan dövlətinin şəhidlərimizə və Şanlı Azərbaycan ordusunun əsgər və zabitlərinə olan diqqətinin göstəricisidir. Cənab Prezidentimizin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı dünya ölkələrinə əsl nümunədir.
Laçına səfəri çərçivəsində cənab prezidentimiz İlham Əliyev Laçınlılara tarixi müjdə xəbərini də vermiş oldu. Belə ki, ölkəmizin başçısının “Laçınlıların birinci qrupunun Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər” deməsi bütün xalqımızın xüsusəndə Laçınlıların böyük sevincinə səbəb oldu”. Laçın rayonunda həyata keçirilən quruculuq işlərinə xüsusilə diqqət çəkən millət vəkili Tamam Cəfərova qeyd edib ki, dövlət başçısı səfər zamanı Laçında həyata keçirilən quruculuq işlərindən bəhs etdi, rayonda insanların yaşaması üçün gərəkli olan bütün zəruri infrastrukturun yaradılması istiqamətində böyük işlər görüldüyünü söylədi. Habelə, rayon ərazisində həyata keçiriləcək daha böyük işlərin anonsunu verdi. Prezident İlham Əliyev bildirdi ki, yaxın gələcəkdə Laçının elektrik enerjisinə olan tələbatı da tam və yüksək səviyyədə təmin ediləcək, insanların burada məskunlaşması üçün bütün gərəkli addımlar atılacaq.
Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova bildirib ki, Ölkə başçısı İlham Əliyevin Laçın şəhərinin bərpası ilə bağlı verdiyi son qərarlar, Sərəncamların imzalanması bir daha göstərir ki, bu torpaqların əsl sahibi qayıdıb. Və biz ölkəmizin ərazi bütövlüyünü cəsarət və şücaətlə qoruduğumuz kimi buranın inkişafı və çiçəklənməsi üçün də bütün zəruri addımları atırıq. Artıq bütün dünya bir reallığı qəbul etməlidir, Azərbaycan təkcə öz dövləti, xalqı üçün deyil, həm də regionda davamlı sülhün və təhlükəsizliyin təminatçısıdır. Millət vəkili Tamam Cəfərova belə deyib.