Birinci Qarabağ müharibəsi əlili Əfqan Zeynalovun külli miqdarda pulunu mənimsəmədə ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, 35 yaşlı Nelli Fabriçnaya “Avtotransyol” və “Murov TSK”-nin rəhbəri olmuş zərərçəkmiş Əfqan Zeynalovun 720 min manat pulunu mənimsəmə və israfetmə yolu ilə ələ keçirib.
Əfqan Zeynalov “Azərbaycan Dəmir Yolları” QSC ilə müqavilə bağlayaraq dəmir yolları tikintisi ilə məşğul olub. Bundan başqa, onun avtomobil yolları tikintisi ilə məşğul olduğu da qeyd olunub.
Təqsirləndirilən Nelli Fabriçnaya Əfqan Zeynalovun şirkətində kadrlar şöbəsinin rəisi olub. Əfqan Zeynalov topladığı pulları ittiham olunan şəxsin evində yerləşdirdiyi seyfdə saxlayıb.
İttihamda qeyd olunub ki, Nelli Fabriçnaya etibardan sui-istifadə edərək başqasına məxsus seyfdən müxtəlif vaxtlarda pullar götürərək öz maraqlarına sərf edib.
O, mənimsədiyi pulların bir qismini xadimə işləyən şəxsə və sevgilisinə verərək israf edib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib.
Onun vəkili də müvəkkilinin təqsirsiz olduğunu, Əfqan Zeynalovun pulları mənimsəyərək iz azdırmaq üçün üstündən atdığını bildirib: “Zərərçəkmiş şəxs hər yerdə özünü 44 günlük müharibədə iştirak etdiyini deyir. Lakin işin içində Müdafiə Nazirliyinin sorğuya cavabı var. Orda Əfqan Zeynalovun müharibədə olmadığı qeyd olunub. Bundan əlavə, zərərçəkmiş şəxs özü əvvəllər mənimsəməyə görə məhkum olunub”.
Əfqan Zeynalov vəkilin dedikləri ilə razı olmadığını deyib. O, ittiham olunan şəxs tərəfindən zəhərləndiyini də bildirib: “Məni zəhərləyib öldürmək istəyib, komaya düşmüşdüm. Mənim pulumla xadiməsinin oğluna avtobus alıb. Bu günə kimi isə cəmi 105 min manat pulumu qaytarıblar”.
Qeyd edək ki, istintaq dövründə Nelli Fabriçnaya barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Məhkəmə iclasında isə ittiham olunan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Nelli Fabriçnaya məhkəmə zalında həbs olunub.
Proses oktyabrın 3-də davam etdiriləcək.
Xatırladaq ki, Əfqan Zeynalov birinci Qarabağ müharibəsinin əlilidir.