Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklərin müzakirəsi vaxtı çıxış edərək, bir sıra önəmli məqamlara toxunub. Komitə sədrinin çıxışını təqdim edirik:
“Hörmətli xanım sədr,
Hörmətli həmkarlar, Təbii ki, qanun lahiyəsini dəstəkləyirik. Şəhid ailələrinə qayğını, dəstəyi özündə ehtiva edən bütün sənədləri dəstəkləyirik. Cənab Prezidentin rəhbərliyi, hörmətli Mehriban xanımın diqqəti, qayğısı ilə görülən işlər hamımız üçün örnəkdir. Biz də bu yay aylarında yenə şəhid ailələri ilə çoxsaylı görüşlər keçirdik, qayğıları ilə yaxından maraqlandıq. Biz hər zaman gördük ki, onlar dövlətimizdən, cənab Prezidentin diqqət və qayğısından çox razıdırlar. Sadəcə bəzi məsələlər var ki, o məsələlər əslində bölgələrdə, qurumlarda həll oluna bilər. Bunun üçün bəzi qaydalarda dəyişikliklərə ehtiyac var. Şəhid valideynlərinin ən çox qaldırdığı məsələlərdən biri şəhidlərimizin adının ayrı-ayrılıqda əbədiləşdirilməsi ilə bağlı məsələdir. Hər birinin dediyi söz budur: Biz bu gün həyatda varıq, sabah yoxuq. İstəyirik ki, övladımızın adı bir küçədə, bir parkda, bir meydanda, bir məktəbdə, mədəniyyət evində yaşasın. Bölgələrimizə, millət vəkili olduğum Tovuz rayonuna nəzər yetirəndə görürük ki, kifayət qədər adsız küçələr, parklar və.s var. Ən çox şəhid verən rayonlarımızdan biri Tovuz rayonudur; kifayət qədər küçələr, park, meydan, keçidlər, bütün imkanlar var və şəhid adlarının əbədiləşdirilməsi həyata keçirilə bilər. Biz də hər zaman Nazirlər Kabinetinə məktublar yazıb, müraciətlər edirik. Buradan da təkrar müraciət edirik. Parklara, küçələrə, meydanlara şəhidlərimizin adının verilməsi məsələsi yerli icra qurumlarına həvalə olunarsa, bu proses daha da sürətlənər. Başa düşürük ki, mədəniyyət evləri Mədəniyyət Nazirliyinə, məktəblər Təhsil Nazirliyinə tabedir; lakin kəndlərdə küçə, park və meydanlara şəhid adlarının verilməsi, şəhidlərimizin adının əbədiləşdirilməsi səlahiyyəti yerli icra qurumlarına verilərsə, proses daha da sürətlənər. Əgər ailələr küçələrin, parkların şəhidlərimizin adlarına rəsmi olaraq verildiyini görərlərsə, bu mövzu ilə bağlı müraciətlər də ciddi surətdə azalar. Təhsil və mədəniyyət qurumlarımız da daxil olmaqla bütün qurumlarımızı bu mövzuda daha həssas olmağa çağırırıq.
Şəhid ailələrimizi narahat edən ikinci bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bəzi şəhidlərimiz var ki, toy edib, ailə qurublar, övladları dünyaya gəlib lakin rəsmi nikaha daxil olmayıblar. Mənim yanıma belə bir şəhid xanımı gəlmişdi. Bildirdi ki, onun kimi bəzi şəhid xanımı bu problemdən əziyyət çəkir. Övladlarına şəhid övladı statusu verilsə də, özləri şəhid ailəsi statusu ala bilmirlər. Əgər bu cür ailələrdə şəhidin övladı şəhid övladı statusu daşıyırsa, demək, bunun qanunvericiliklə və ya rəsmi prosedurla həll edilməsi mümkündü ki, şəhidin xanımı da “şəhid ailəsi” statusunu ala bilsin. Çünki o xanım gələcəkdə övladı ilə tək başına ev növbəsinə durmalıdır. Bunun üçün də ona şəhid ailəsi statusu çox önəmlidir. Bu məsələnin həllini tapmasını da aidiyyatı qurumlardan xahiş edirik”.