Yaponiya hökuməti ölkədəki təxminən 200 min yol işıqforundan beşinci nəsil mobil rabitə (5G) bazası kimi istifadə etmək qərarına gəlib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin informasiya texnologiyaları sahəsində təsdiq etdiyi strategiyada deyilir. Sənədə əsasən, hökumət 2021-ci il mart ayının sonlarına qədər bütün ölkə ərazisində 5G sistemini işə salacaq. Yeni nəsil mobil rabitə sisteminə dörd özəl kompaniya xidmət göstərəcək.
5G hazırkı 4G sistemindən təxminən 100 dəfə sürətli olacaq. O, xüsusi keyfiyyətli videolar da daxil olmaqla, böyük həcmli informasiyaları ötürə biləcək. Bu sistemin, həmçinin pilotsuz nəqliyyat vasitələrində və başqa sahələrdə istifadə edilməsi də planlaşdırılır. Lakin 5G sisteminin normal fəaliyyəti üçün çox sayda aralıq stansiyalar lazım gəlir. Texniki təminatı asanlaşdırmaq və xərcləri azaltmaq məqsədilə həmin stansiyalar işıqforlarda yerləşdiriləcək.
Eyni zamanda, işıqforlara trasdakı vəziyyətə nəzarət etmək üçün ötürücülər quraşdırılıcaq ki, bu da pilotsuz avtomobillərin istifadəsini asanlaşdıracaq.