“Gecə Gəncə yaxınlığında sui-qəsdə uğradıq”- Polkovnik 28 il öncəki olayları xatırlayır… 

“Bütün bu proseslər o vaxtkı dövlət başçısı, Prezident Heydər Əliyevin birbaşa göstərişi və nəzarəti altında beş verirdi…”

“O ərəfədə Gəncə zonasında artıq müəyyən dərəcədə gərginlik vardı. Müxtəlif silahlı qüvvələr əhalini hədə-qorxu altında saxlayır, sahibkarları soyur, bir sözlə, özbaşınalıq mühiti yaradırdı. Həmin silahlı dəstələrin başında o vaxtkı baş nazir Surət Hüseynovun yaxın adamı olduğu deyilən Kəramət adlı bir şəxs dururdu. Onlar keçmiş sovet ordusunun Gəncədəki qoşun birləşmələri komandanlığının Üçtəpə adlanan yerdəki istirahət mərkəzini özlərinə qərargaha çevirmişdilər”.

Bunu  müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik Mehman Səlimov Moderator.az-a 28 il öncə – 1994-cü il  oktyabrın 4-5-də Gəncədə dövlət çevrilişinə cəhd kimi dəyərləndirilmiş hadisələr ərəfəsində şahidi olduqlarından danışarkən söyləyib.  

“O günlər Gəncəətrafı zonada hökumət olsa da, hakimiyyət faktiki Kəramətin başçısı olduğu bandanın əlində idi. Gəncənin və ətraf rayonların icra hakimiyyətləri onlardan çəkinir və o, nə istəsə, edirdi. Təsəvvür edin ki, oktyabrın ik günlərində Gəncənin icra başçısı Elsevər İbrahimovu girov götürmüşdülər…

O zaman mən Murovdağ ərazisində dislokasiya olunan və qərargahı Gəncə yaxınlığındakı Toğana kəndində yerləşən hərbi briqadanın komandirinin ictimai-siyasi məsələlər üzrə müavini idim. Oktyabr hadisələri ərəfəsində Müdafiə nazirinin əmri ilə Gəncəətrafı tayonlar üzrə hərbi komendatura yaradıldı və mən də komendant təyin edildim. Komendaturanın qərargahı isə o vaxt Xanlar adlanan indiki Göygöl şəhərində yerləşirdi”- açıqlamasının davamında bunları əlavə edən həmsöhbətimiz 4-5 oktyabr Gəncə olaylarından öncəki profilaktik tədbirlərin bilavasitə o dövrkü Azərbaycan Prezidenti Heydər Əliyevin nəzarəti altında həyata keçirildiyini qeyd edib.

“Onu da deyim ki, bütün bu proseslər o vaxtkı dövlət başçısı, Prezident Heydər Əliyevin birbaşa göstərişi və nəzarəti altında beş verirdi. Məqsəd bölgədə sabitliyə nail olmaq, özbaşınalığı aradan qaldırmaq idi… 

Hərbi komendatura yaradılandan sonra türkiyəli zabitlər tərəfindən hazırlanmış və mayor Nizami Bayramovun komandiri olduğu “komando” tipli bir tabor birbaşa mənim sərəncamıma verilmişdi. Biz ciddi fəaliyyətə başlayıb vəziyyətə nəzarət etdikdən sonra Gəncəətrafı ərazidə, xüsusən də indiki Göygöl rayonu ərazisində Kəramətin bandasının özbaşınalıqları tədricən məhdudlaşırdı. Amma Gəncə şəhəri hələ də onların nəzarətində qalırdı. Öncə dediyim kimi, Kəramət baş nazir Surət Hüseynovla yaxın olduğundan heç kəs onların qarşısında səsini çıxara bilmirdi…

Biz vəziyyəti təhlil etdikdən sonra belə qənaətə gəldik ki, Kəramətin dəstəsi hakimiyyətə qarşı nəsə ciddi bir təxribat hazırlayır… O zaman Bakıya nisbətən normal tabeçilik nümayiş etdirən yalnız keçmiş MTN-in Gəncə şöbəsinin rəhbəri, hazırda Fövqəladə Hallar nazirinin birinci müavini olan Rəfail Mirzəyev idi. Heydər Əliyev özü də bildirirdi ki, Gəncəbasar zonasındakı vəziyyət haqda ən real məlumatı Rəfail Mirzəyev verir… 

Sentyabrın son günlərində mən Bakıya gəlib mövcud vəziyyəti Heydər Əliyevə məruzə etdim.  Geri qayıtmağa hazırlaşarkən hiss etdim ki, artıq Kəramətin adamları məni izləməyə başlayıb. Yaşadığım evin yaxınlığında nəzarətçi qoyulmuşdu. Təbii ki, telefonlar da izlənilirdi. Mən onları çaşdırmağa çalışdım. Briqadanın qərargahına zəng etdim ki, axşam saat 6-da çıxıram, özüm isə gecə yarısından sonra çıxdım. “Niva” markalı avtomobillə artıq Naftalan şəhəri yaxınlığından Gəncə istiqamətində gedərkən gözlənilmədən bir avtomobilin düz üzərimizə gəldiyini gördüm. Sürücüm Rauf cəld tərpənərək maşınımızı xeyli kənara çəkdi. Zərbədən yayınsaq da, maşın yoldan kənara çıxdı və bir neçə dəfə fırlanaraq aşdı. Biz hər birimiz əlimizdə avtomatla avtomobildən çətinliklə olsa da, çıxdıq. Bu zaman bizi qəzaya salanlar maşınlarından düşüb bizə tərəf baxırdılar. Onlar əlimizdə avtomat olduğunu görüb dərhal avtomobillərinə minib qaçdılar. Yadımdadır ki, sonradan biz artıq oktyabrın 4-də Kəramətin Üçtəpədəki bandasını tərksilah edəndən sonra ertəsi gün həbs etdiyimiz şəxslərdən biri belə bir ifadə işlətdi: “Sən deyəsən, yeddicanlı imişsən, maşın neçə dəfə aşdı – yenə onun içərisindən salamat çıxdın ki, bu gün gəlib bizim sonumuza çıxasan?..” Bununla sübut olundu ki, Gəncəyə gələrkən bizə qarşı sui-qəsdi məhz Kəramətin adamları təşkil edibmiş…”- deyə Mehman Səlimov vurğulayıb. 

Polkovnik Mehman Səlimovun  4-5 oktyabr Gəncə hadisələri haqdakı geniş müsahibəsini yaxın müddətdə oxuya bilərsiniz.

Moderator.az-ı izləyin!

Sultan Laçın

 

Mənbə

Share: