Xankəndidə “vəzifə”yə gətirilən Vardanyan açıqlama verdi: “Bir az gözləyin”

Rusiyadan Qarabağa köçən milyarder Ruben Vardanyanın tezliklə Xankəndidəki separatçıların rəhbərliyinə gətiriləcəyi şübhə doğurmur.

Modern.az saytı xəbər verir ki, bununla bağlı erməni mediasında çeşidli informasiyalar yayılır.

Ruben Vardanyanın özü də son vaxtlar verdiyi açıqlamalarla Qarabağ separatçılarının rəhbərliyinə iddiasını gizlətmir.

Qeyd edək ki, Qarabağ separatçılarının hazırkı başçısı Arayik Arutyunyan dünənki açıqlamasında Ruben Vardaryana qondarma “Dağlıq Qarabağ respublikası”nın “dövlət katibi” vəzifəsini təklif etdiyini bildirib.

Vardanyanın bu təklifə razılaşdığı istisna olunmur. Hazırda Avropada səfərdə olan milyarder Arayik Arutyunyana cavab olaraq deyib ki, onun təklif etdiyi yanaşmalar və həll yolları  geniş dəstək taparsa, “dövlət katibi” olmağa razıdır.

Erməni milyarder bu gün mətbuata növbəti açıqlama verib.

O, Qarabağdakı qondarma qurumla bağlı ilk növbədə təhlükəsizlik, iqtisadi inkişaf və subyektivlik məsələsini həll etmək lazım olduğunu vurğulayıb.

“Başa düşməliyik ki, biz bu problemləri necə həll edəcəyik”, – deyən Ruben Vardanyan həmin məsələlərin həlli ssenarisinin nədən ibarət olacağını açıqlamağa tələsməyib.

“Mən populist bəyanatlar vermək istəmirəm, bir az gözləyin”, – Ruben Vardanyan bildirib.


“Hraparak” nəşri bildirib ki, Araik Arutyunyan dünən “Təhlükəsizlik şurası”nın Xankəndidə keçirilən genişləndirilmiş iclasında Vardanyanın təyinatının bir neçə həftədən sonra baş tuta biləcəyini bildirib.

Hraparak” yazır ki, Vardanyanın Qarabağ separatçılarının rəhbərliyinə gətirilməsi Xakəndidəki “siyasi elita” tərəfindən heç də birmənalı qarşılanmayıb.

““Artsax hökuməti” bu dəyişikliyi qəti şəkildə qəbul etmir. Çünki Ruben Vardanyan burada köklü dəyişikliklər etməyə hazırlaşır və bir çox insanlar tezliklə “vəzifələrindən” azad olunacaqlar”, – deyə qəzet qeyd edib.

A.Qorxmaz

Mənbə

Share: