Ukrayna ordusu Rusiyanın istifadə etdiyi İran istehsalı pilotsuz uçuş aparatlarının 60%-ni vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib.
Onun sözlərinə görə, Rusiya İrandan alınan 86 ədəd PUA-dan istifadə edib.
“PUA-ların 60%-i vurulub. Biz düşmən PUA-larının texniki xüsusiyyətlərini nəzərə alaraq hava hücumundan müdafiə sistemimizi təkmilləşdirəcəyik”, – Qromov deyib.
Xatırladaq ki, “The Washington Post” nəşri avqust ayında Rusiyanın İrandan PUA-ların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.
Akif İsmayılov