Xəbər verdiyimiz kimi, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Görüşdən sonra verilən bəyanatda Ermənistanın rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı öz əksini tapıb.
Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Jerom Lamber Praqa görüşünün nəticələrini Modern.az-a şərh edib.
Fransalı deputat dördtərəfli görüşün faydalı olduğunu bildirib. Jerom Lamber qeyd edib ki, sülh danışıqları ilə yanaşı, Azərbaycan erməni təxribatlarına qarşı diqqətli olmalıdır.
“Bu görüş əvvəllər keçirilən dialoqların davamıdır. Sərhədlərin delimitasiyasını yerində araşdırmaq üçün Avropa İttifaqının nümayəndə heyətinin qəbul edilməsi qərarı çox yaxşı haldır. Amma davamlı sülhə doğru irəliləyişlər qarşısında sülh prosesindən imtina edən erməni ekstremistlərinin törədə biləcəyi təxribatlara qarşı diqqətli olmalıyıq. Ermənistan əhalisi arasında azlıq təşkil edən ekstremistlər diasporda, xüsusən də Fransada çox fəaldırlar. Ona görə də Azərbaycan həmişə olduğundan daha diqqətli olmalıdır.
Mən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin prinsiplərini tanıyan bu iki suveren dövlətin regionda sülh və tərəqqi dövrünu quracaqlarına inanıram. Ümid edirəm ki, yaxın vaxtda sülh müqaviləsi bağlanacaq”, – deyə Fransa parlamentinin üzvü vurğulayıb.