Rusiya estradasının primadonnası Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov səfərbərliyə çağırıldığı barədə yayılan xəbərləri təkzib edib.
Modern.az xəbər verir ki, Nikita bu barədə Telegram kanalında məlumat yayıb.
Presnyakov səfərbərliyə çağırılıb-çağırılmadığı barədə suala cavabında “feyk xəbərdi” deməklə çağırış vərəqəsi almadığını vurğulayıb.
Daha əvvəl “Beşinci Kanal” Moskva Vilayət Teatrına yaxın mənbəyə istinadən bildirmişdi ki, sənətçi məşqdən çıxarılaraq səfərbər edilib. Lakin bu xəbər sonradan “Beşinci Kanal”ın saytından silinib.
Teatrın özü də bu məlumatı təkzib edib. Onun nümayəndələri oktyabrın 7-də Presnyakovun hətta teatrın binasında olmadığını, sonuncu dəfə sentyabrın sonunda məşqə gəldiyini söyləyib.
Rusiyalı kino, televiziya və dublyaj aktyoru, müğənni və musiqiçi Nikita Presnyakov 21 may 1991-ci ildə Londonda müğənnilər Vladimir Presnyakov və Kristina Orbakaitenin (Alla Puqaçovanın qızı-red.) ailəsində anadan olub.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibəyə etiraz edən Alla Puqaçova savaş başlayanda uşaqları və həyat yoldaşı Maksim Qalkinlə birlikdə İsrailə uçub.
Avqustun sonunda sənətçi Rusiyaya qayıdıb. Bir neçə gün əvvəl isə o, dönüşü olmayan biletlə yenidən İsrailə gedib.