BDU-da “Milli-mənəvi dəyərlərimiz varlığımızdır” mövzusunda tədbir keçirilib

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi və “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) birgə təşkilatçılığı ilə “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. Qeyd edib ki, öz tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər tarixi prosesdə “əriyib” yox olur və tarix səhnəsindən birdəfəlik itirlər. Ona görə də bir xalqın mövcudluğunun qorunub  saxlanması üçün hər şeydən öncə onun milli-mənəvi dəyərlərini qorumaq lazımdır.

 

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, hər bir ölkə və xalq milli-mənəvi dəyərləri hər şeydən üstün tutmalı, bu dəyərləri hər zaman müdafiə etməlidir: “Qloballaşma heç də digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrin, milli mentalitetimizə xas olmayan dəyərlərin ölkəmizə idxalı deyil. Biz qloballaşma deyəndə beynəlxalq əməkdaşlığı və səmimi dostluğu nəzərdə tutmaqla yanaşı, milli dövlətçiliyimizə, mənəvi dəyərlərimizə, Ulu öndər Heydər Əliyevin bizə əmanət etdiyi azərbaycançılıq məfkurəsinə sahib çıxmağı, milli kimliyimizi qorumağı nəzərdə tuturuq”.

 

Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun aparıcı məsləhətçisi Elgiz İmanlı, İqtisadi Araşdırmalar və Təhlil Mərkəzinin rəhbəri Radil Fətullayev, DİNİB İdarə Heyətinin üzvü Aydın Talışinski çıxış edərək Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunub saxlanıılmasına və dünyada təbliğinə xüsusi həssaslıqla yanaşırlar.

 

Görüş diskussiya şəklində davam edib, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Mənbə

Share: