“Avropa siyasi birliyi”nin Zirvə Toplantısı çərçivəsində Ermənistan və Azərbaycan rəhbərləri arasında Praqada keçirilmiş görüşə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən əvvəlki görüşlərin davamı kimi baxmaq daha doğrudur. Bu formatda keçirilən görüşlər müsbət dinamika ilə xarakterizə olunur. Praqa görüşü də bu baxımdan istisna olmadı. Əvvəlki görüşlərdə tərəflərin mövqelərinin yaxınlaşdırılması üzrə bir sıra razılaşmalar əldə olunmuşdu. Praqa görüşündə isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə yaxın həftələrdə əməli addımların atılması üçün xüsusi əhəmiyyətə malik olan Bəyanat imzalandı. Bu Bəyanata əsasən Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad etməklə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və öz ərazisi üzərində suverenliyini tanıdıqlarını bir daha təsdiq ediblər. Postmüharibə dövrünün bu mərhələsində belə bir sənədin imzalanması Sülh Müqaviləsi ilə, eləcə də sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı növbəti addımların atılması üçün daha geniş meydan açır və daha əlverişli şərait yaradır.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O bildirib ki, bu Bəyanat həm iqtidarda, həm də müxalifətdə olan erməni siyasətçiləri tərəfindən yerli-yersiz ortaya atılan məntiqsiz iddiaların və şərtlərin irəli sürülməsinin qarşısını alır. Belə ki, Ermənistan siyasi rəhbərliyi tez-tez öz bəyanatlarında sülhün əldə olunmasını Qarabağda yaşayan ermənilərin hüquqları və ya “statusu” ilə bağlamağa cəhd edir və bununla da prosesi ləngitməyə çalışırdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Ermənistan tərəfindən bir daha tanınması artıq bu kimi şərtlərin irəli sürülməsinin qarşısını alır və faktiki olaraq Ermənistanı Azərbaycan tərəfindən irəli sürülmüş məlum beş prinsip əsasında sülh bağlamağa məcbur edir.
“Bəyanat proseslərin sonrakı mərhələsini asanlaşdırmaq baxımından da çox faydalı və əhəmiyyətlidir. Sonrakı mərhələdə sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi və Zəngəzur dəhlizinin açılması ikitərəfli qaydada – Ermənistan və Azərbaycan arasında əldə olunan konkret fəaliyyət planları əsasında həyata keçiriləcək. Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşların reinteqrasiyası isə Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, birtərəfli qaydada, Azərbaycan Konstitusiyasına müvafiq olaraq planlı şəkildə dövlətimiz tərəfindən təmin olunacaq. Praqa Bəyanatından sonra Ermənistanın bu kimi məsələlərə qarışması digər dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər”, – deyə deputat qeyd edib.
C.Feyziyevin sözlərinə görə, hadisələrin gedişi onu göstərir ki, Ermənistan rəhbərliyi və şəxsən baş nazir Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasına, bununla da erməni cəmiyyətini parçalamaqda davam edən daxili ziddiyyətlərə və iki ildir ki, cəmiyyətdə hökm sürən ictimai-siyasi qarşıdurmaya son qoymağa çalışır. Ənənəvi olaraq erməni cəmiyyətində Fransaya etimad çox yüksəkdir. Xüsusilə 44 günlük Vətən müharibəsində Rusiyadan və KTMT-dən gözlədikləri dəstəyi ala bilmədikdən sonra erməni cəmiyyəti yeni xilaskar axtarışında çox da tərəddüd etmədən Fransanı seçmişdi.
“Praqa görüşündə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınması haqqında Bəyanata imza atılması baş nazir Nikol Paşinyan üçün olduqca riskli bir addım idi. Bir qayda olaraq, heç bir sənədin imzalanmadığı əvvəlki Brüssel görüşlərindən dərhal sonra müxalifət Paşinyanı xəyanətdə ittiham edir və onun istefasını tələb edirdi. Praqa görüşündə isə erməni müxalifətini ən çox narahat edən Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi ciddi bir məsələ həll olunurdu. Bu baxımdan Praqa görüşündə Fransa Prezidenti Emmanuel Makronun iştirakı məhz Paşinyanın marağında idi və bununla Paşinyan ölkə daxilində özünə qarşı təzyiqləri azaltmağa və ya tamamilə aradan qaldırmağa çalışırdı. Praqa görüşlərindən sonra Ermənistan cəmiyyətindəki durğunluğu müşahidə edəndə bunun Paşinyan tərəfindən düzgün hesablanmış addım olduğu qənaətinə gəlmək mümkündür. Lakin Prezident Emmanuel Makronun bu görüşlərdə iştirak etməkdə məqsədi təkcə Paşinyanı müxalifətdən qorumaq yox, həm də danışıqlar prosesində beynəlxalq monitorinq missiyasının bölgəyə, daha konkret desək, Azərbaycan və Ermənistan ərazisinə gətirilməsi üçün Azərbaycanın razılığını almaq idi”, – deyə deputat diqqətə çatdırıb.
Cavanşir Feyziyev bildirib ki, öz ölkəsinin milli maraqlarını bütün beynəlxalq platformalarda məharətlə müdafiə edən Azərbaycan Prezidentinin qətiyyəti bu məkrli addımın qarşısını aldı və düşmən maraqlarına xidmət edəcək bir monitorinq missiyasının Azərbaycan ərazisinə daxil olmasına yol verilmədi. Beləliklə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqların daha bir raundu Azərbaycanın tam qələbəsi ilə başa çatdı.