Azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunub

Bu gün Vətən müharıbəsində şanlı Orduzun işğaldan azad etdiyi torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizi çox sevindirir. Ölkə başçısı cənab İlham Əliyev tez-tez işğaldan azad edilmiş bölgəyə səfərlər edərək görülən işlərlə maraqlanır, hər səfərində hansısa obyektin ya açılışını edir, ya da təməlini qoyur. Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri bunun əyani təsdiqidir.

 

44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

 

Forumda azad olunmuş ərazilərdə görüləcək işlərlə bağlı geniş məlumat verildi. Həm Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçmiş əməkdaşı olaraq bu istiqamətdə görülən işləri yükəsk qiymətləndirirəm. Bu işlər planlı, hesabatlılıq, şəffaflıq şəraitində həyata keçirilir. Ümumilikdə, 5-6 oktyabr tarixlərində Ağdam şəhərində və ADA Universitetində keçirilən Forum kifayət qədər uğurlu olub.

 

Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb, ermənilər tərəfindən 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan sonra minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdamı “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırırdılar.

 

İşğal dövründə bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir.

 

Prezident İlham Əliyev forumdakı çıxışında müharibədən ölkəmizə qalan kədərli miras, mövcud reallıqlar və yeni mərhələdə fəaliyyət planlarımız, o cümlədən sülhyaratma prosesi barədə ətraflı danışaraq hələ də revanşist mövqeyindən geri çəkilməyən Ermənistana bir sıra ciddi mesajlarını ünvanladı.

 

Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi.


Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.

Bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını Ermənistan düzgün qiymətləndirməlidir.

 

Bütövlükdə Ağdamda keçirilən Milli Şəhərsalma Forumu həm işğalın nəticələrini, erməni vandallığını göstərmək, həm də Azərbaycanın qısa müddətdə azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərini dünyaya təqdim etmək baxımından olduqca əhəmiyyətlidir.

 

Bu gün işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti, bərpa işlərinə başlanılıb. artıq məcburu köçkünlərin birinci qrupu öz döğma yurdlarına köçürülüb. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunur və artıq Böyük Qayıdış proqramının icrasına başlanılıb.

 

Təkcə Ağdam rayonunda həyata keçirilən işlərə nəzər salaq.  Uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam avtomobil yolunun çəkilməsinin 75 faizi icra olunub. Həmçinin ölkə başçısının Ağdama səfəri günlərində rayonun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Ölkə başçısı Ağdam rayonunun Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak edib. Bu kənddə 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Ağdam rayonunun Kəngərli kəndinin də təməli qoyulub. Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Eyni zamanda 1720 nəfər (425 ailə) əhalinin yaşayacağı Sarıcalı kəndinin təməli qoyulub.

 

Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilib, yeni yarımstansiyalar inşa olunub. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qarabağın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.

 

 Elvin Quliyev

 Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri 

Mənbə

Share: