
Rusiya prezidenti Vladimir Putin bölgələrin qubernatorlarından qismən səfərbərlik zamanı qanunlara əməl olunmasına nəzarət tələb edib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bazar ertəsi, oktyabrın 10-da dövlət başçısı Rusiya regionlarının rəhbərləri ilə onlayn görüş keçirməyə başlayıb.
Putin həmçinin qubernatorları səfərbər olan rusların yaxınlarına bütün lazımi yardımları göstərməyə çağırıb. “Sosial təminatlar və orduya ödənişlər də daxil olmaqla, qismən səfərbərliyə dair qəbul edilmiş bütün qərarlara ciddi əməl edilməlidir”, – prezident bildirib.
Xatırladaq ki, sentyabrın 21-də prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. O bildirib ki, səfərbərliyə hərbi xidmət təcrübəsi olan, hərbi ixtisaslara malik ehtiyatdakı hərbçilər çağırılacaq. Müdafiə naziri Şoyqu isə qeyd edib ki, səfərbərliyə 300 min nəfərə qədər insanın çağırılması planlaşdırılır. Artıq 200 min nəfərin çağırılaraq hərbi hissələrə göndərildiyi bildirilir.
Qeyd edək ki, Rusiyada qismən səfərbərlikdən kütləvi yayınma halları müşahidə olunmaqdadır. Səfərbərlikdən yayınanlar kütləvi şəkildə qonşu ölkələrə qaçırlar.


