Həyat yoldaşlarına xəyanət edənlərin çoxu pula görə evlənənlərdi

 

Azərbaycanda hər ay təxminən mindən çox ailə dağılır. Rəsmi statistikaya əsasən, ölkəmizdə bu ilin 6 ayı ərzində 7531 boşanma faktı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 5,8-ə qədər artıb, boşanmaların sayı isə nisbətən azalaraq 1,6-dan 1,5-ə düşüb.

Boşanmaların səbəbi haqda müxtəlif versiyalar irəli sürülür. Bunların sırasında xəyanət, maddi sıxıntı, ailə münasibətlərinin pozulması və psixoloji durum əsas amil kimi göstərilir. Xüsusilə də gənc cütlüklərin boşanmasında başlıca səbəbin xəyanət olduğu söylənilir.

Xəyanət nədən qaynaqlanır?

Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Elmir Əkbər deyib ki, xəyanətin artmasının əsas səbəblərindən biri insanlardakı inzamsızlıq və həyata güvənsizlik hissidir:

“İnsanlar şüuraltı olaraq hər bir işi görməyə cəhd edirlər. Bacardıqları, ağıllarına gələn işləri görüb yekunlaşdırmaq istəyirlər. Baş verən hadisələr göstərir ki, adət etdiyimiz dünya tez-tez dəyişə bilir, insanlar da sanki fürsəti qaçırmaq istəmirlər. Bu da insanı məyus edən durumdur, nəticədə aləm niyə bir-birinə qarışır.

Bundan əlavə, sevgi əsasında qurulmayan ailələr var. Pula, vəzifəyə, ailə qurduğu şəxsin maddi imkanlarına görə evlənənlərin sayı artıb. Amma həmin insanlar ailə həyatını qurarkən ürəkləri başqa münasibətdədir. Belə olan halda ailə qalır kənarda, həmin şəxs kimləsə güzəranını qurur. Belə hadisələr həmişə olub, son dövrlər telefonlar və texnikanın inkişafı bu cür insanların ifşasına daha çox şərait yaradır”.

Psixoloq bildirib ki, texnologiyanın sayəsində insanlar arasında münasibət qurmaq xeyli asanlaşıb:

“Bu o demək deyil ki, telefon olmasa xəyanətlər də olmayacaqdı. Texnikanın inkişafı ifşaları sürətləndirir, xəyanət edən adamı daha tez ortaya çıxarır. Son dövlət dəyişikliyi müşahidən edirəm. İnsanlar “sənin taleyindi, qismətinlə barış” fikrindən uzaq yaşayırlar. Əgər ailə qurduğu adam ürəyincə deyilsə, onunla yaşamaq istəmir. Hər bir halda istərdim ki, ailə quran şəxslərin valideynləri vəziyyəti qiymətləndirsinlər. Övladının ailə qurmağa istəyi yoxdursa, onu evlənməyə vadar etməsinlər. Ailə qurmaq müəyyən yaşdan sonra lazımdır, tez ailə qurur, sonradan ayılır ki, başqa adamı sevir. Sağlam əsaslarla ailə qurulmalıdır”.

E.Əkbər hesab edir ki, deputatlar Milli Məclisdə psixoloji müayinə məsələsini qaldırmalıdırlar:

“Tibbi müayinə kimi psixoloji müayinə də məcbur olmaldır. Ailə quran şəxslərin psixoloji uyğunluğu müəyyənləşməlidir. Bu sadaladıqlarım olarsa, həm xəyanətlərin, həm də boşanmaların sayının azalacağını görəcəyik”.

Sosioloq Əhməd Qəşəmoğlu isə düşünür ki, maddi dəyərlər artdıqca xəyanətlər də çoxalır:

“İnsanlar maddi dəyərlər əsasında ailə həyatı qururlar. Cəmiyyət bu xəyanətlərin qarşısını alma üçün müəyyən addımlar atmağa məcburdur. Mənəvi dəyərlərin arxa plana keçməsi ilə cəmiyyətin inkişafı mümkün deyil. Ailələrin dağılmağında, təhsildəki problemlərdə mənəvi dəyərlər rol oynayır. Maddi dəyərlərin ön plana keçməsi neqativ halları artırır. Beş il bundan qabaq bir çox şey indikindən yaxşı idi. Hər il artan boşanmaların sayında xəyanətlərin rolu böyükdür. Kişiləri maarifləndiririk ki, ailədə nümunəvi olsunlar, xanımına qarşı diqqət göstərsinlər”.

Sosioloq deyib ki, Azərbaycanda 100 nikaha 30-dan çox boşanma halı düşür:

“Azərbaycan ailələrinin 80 faizində gərginlik var. Belə ailələrdə böyüyən uşaqların psixoloji vəziyyəti dəhşət saçır. Psixoloji mərkəzə ayda 500-600 manat pul verib övladlarını müalicə etdirirlər. Gərgin, əsəbi gələcək nəsil yetişir. Vəziyyə heç də yaxşı deyil, ciddi tədbirlər görmək zamanıdır”.

Mənbə

Share: