
Rusiya prezidenti Vladimir Putin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxış edib.
Modern.az xəbər verir ki, Astanada keçirilən toplantıda Putin Qazaxıstanın sədrlik təşəbbüsünü dəstəkləyib.
“Bugünkü görüş qlobal siyasətdə və iqtisadiyyatda baş verən ciddi dəyişikliklər fonunda keçirilir. Dünya həqiqətən çoxqütblü olur. Asiya isə bunda çox nəzərə çarpan, hətta əsas rol oynayır”, – Rusiya prezidenti bildirib.
O qeyd edib ki, Əfqanıstan ərazisində vəziyyətin normallaşdırılması üçün bu ölkənin iqtisadi bərpasına birgə kömək etmək lazımdır.
Putin işğal illərində əfqanlara dəymiş ziyana görə təzminat ödənilməsinə çağırıb.
“Asiyadakı bir çox tərəfdaşlarımız kimi, biz də hesab edirik ki, qlobal maliyyə sisteminin fəaliyyət prinsiplərinə yenidən baxılması lazımdır”,-deyə Putin bildirib.
“Birinci addım olaraq biz qarşılıqlı hesablaşmalarda milli valyutalardan daha fəal istifadənin şahidi oluruq. Bu cür tədbirlər, şübhəsiz ki, dövlətlərimizin maliyyə suverenliyinin gücləndirilməsinə, daxili kapital bazarlarının inkişafına kömək edir, regional iqtisadi inteqrasiyanı dərinləşdirir”, – Rusiya prezidenti əlavə edib.
O, həmçinin bəyan edib ki, Rusiya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin bütün ölkələri ilə əlaqələri inkişaf etdirəcək.
“Ümumilikdə, məmnunluqla qeyd edə bilərəm ki, görüşdə birgə iş müsbət irəliləyir. Rusiya bu görüşdə təmsil olunan bütün ölkələrlə əməkdaşlığın inkişafına davam edəcək”, – deyə Vladimir Putin fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Astanada keçirilən sammitdə 11 dövlətin başçısı iştirak edir.