“Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlıqlarına iyunun 17-də start verəcək.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” ilk təlim-məşq toplanışını Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək. Sənan Qurbanovun çalışdırdığı komanda hazırlığın birinci mərhələsini iyunun 29-da keçiriləcək yoxlama oyunu ilə başa vuracaq. “Qəbələ” Bakıda “Zirə” ilə görüşdə qüvvəsini sınayacaq. Qarşılaşmanın ertəsi gün bərpa prosesi keçəcək futbolçular ardınca istirahətə buraxılacaq. İkigünlük istirahətdən sonra bir araya gələcək “qırmızı-qaralar” iyulun 3-də növbəti məşqini gerçəkləşdirəcək.
Ayın 4-də isə komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. “Qəbələ” iyulun 18-dək Boluda hazırlıq keçəcək. Toplanış çərçivəsində üç yoxlama oyunu nəzərdə tutulub. Qurbanov yetirmələrini ayın 7-də, 12-də və 17-də keçiriləcək matçlarda sınayacaq. Sınaqçı rəqiblərdən birinin adına da artıq aydınlıq gəlib. İlk yoxlama oyununda komanda Ukrayna təmsilçisi “Mariupol”la üz-üzə gələcək. Ötən mövsüm Ukrayna Premyer Liqasında 4-cü yeri tutan bu komanda da “Qəbələ” kimi Avropa Liqasında çıxış edəcək.
Xatırladaq ki, Azərbaycan kubokunun qalibi olan “qırmızı-qaralar” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.