Ermənilərin azərbaycanlılara məxsus məzarları dağıtmasını əks etdirən yeni görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan videonun Xankəndi şəhəri yaxınlığında lentə alındığı bildirilir. Məzarlığın dağıdılması videosunu Artur adlı erməni paylaşıb. O, çəkiliş zamanı azərbaycanlılara məxsus qəbirləri təhqir etməkdən belə çəkinməyib.
Sözügedən görüntülərlə bağlı Modern.az-a danışan “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva bildirib ki, vaxtilə Xankəndidə iki müsəlman məzarlığı olub.
“Mən Xankəndidə böyümüşəm. Məktəbi də orada bitirmişəm. Xankəndidən məcburi köç başlayanda mən artıq Bakıda tələbə idim. Ancaq yaxşı yadımdadır ki, Xankəndidə 2 müsəlman məzarlığı va idi. Onlardan biri dağın ətəyində, digəri isə şəhərin yaxınlığında yerləşirdi. Müsəlman əhalinin azlığına, sovet hökumətinin qadağalarına baxmayaraq, 3, 7, 40 günləri və dəfn mərasimi müsəlman adətlərinə uyğun şəkildə, mollanın başçılığı ilə həyata keçirilirdi. Məclislər üçün molla adətən Ağdamdan dəvət olunurdu”.
X.Vəliyevanın fikrincə, sosial şəbəkələrdə yayılan videonun çəkildiyi məkan Xankəndi ərazisinə bənzəmir:
“Bu gün yayılan görüntülərdəki ərazini Xankəndi şəhərinə bənzədə bilmədim. Eyni zamanda, danışanların ləhcəsi Qarabağ ermənilərinin ləhcəsinə bənzəmirdi. Onların danışığı İrəvan ermənilərinin ləhcəsinə daha yaxın idi. Hadisənin törədildiyi yer daha çox Zəngəzura bənzəyir. Ancaq bu da bir faktdır ki, ermənilər həmişə vandalizm törədib, bu gün də törədir. Onlar Xankəndidə ilk vandallıq aktına meyitləri yandırmaqla başladılar. Onlar azərbaycanlıları qovarkən ölümcül döyürdülər. Ermənilər tərəfindən bu cür əziyyətlərə məruz qalan azı 15 nəfər Bakıya gəldikdən sonra dünyasını dəyişdi. Hətta bazar tərəfdə yaşayan stomotoloqun evinə, bomba atmışdılar. Yəni bu qədər vəhşi idilər. Əgər bir millət başqasının ölüsünə bu cür davranırsa, deməli, öz ölülərinə də belə davrana bilər. Onlarda müqəddəs anlayışı yoxdur”.
Təşkilat rəhbəri vurğulayıb ki, ermənilərdən hər cür vəhşiliyi gözləmək olar:
“Erməni elə ermənidir. Onlardan həmişə vandallıq, vəhşilik gözləmək olar. Ermənilər hər an fikrini dəyişib, sənə zərbə vura bilər. Xankəndidə yaşadığmız zaman bir erməni vardı, bizimlə duz-çörək kəsirdi. Bizim süfrənin başında otururdu. Ancaq Xankəndidə mitinq başlayanda həmin erməni bizə xəyanət etdi. Bizə bu barədə məlumat vermədi. Özü də mitinqdə iştirak etdi”.
X.Vəlizadə onu da bildirib ki, əzizlərindən yalnız sinif yoldaşı və sinif rəhbərinin məzarları Xankəndidədir:
“Mənim babam dünyasını dəyişmədən vəsiyyət etdi ki, onu Ağdamın Qarağacı məzarlığında dəfn edək. Bu gün Qarağacı məzarlığı yerlə-yeksan edilmiş vəziyyətdədir. Həmin ərazini ermənilər əkin sahəsinə çeviriblər. Ağdama getdikdən sonra bunun şahidi oldum. Qarağacı məzarlığı Ağdamın çıxacağında, Əsgəranla birləşən ərazidə yerləşir. Ancaq sinif yoldaşım və sinif rəhbərim Kərpicli ərazisində dəfn olunublar. Kərkicahan qəsəbəsinin də öz məzarlığı var idi”.