Ermənistan yeni reallıqla barışmalı olacaq

Ermənistan Cənubi Qafqazdakı yeni reallıqlarla barışmalı olacaq.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

 

“Ermənistan rəhbərliyinin ümid etdiyi mühüm variant odur ki, Qarabağda erməni maraqları üçün başqaları mübarizə aparmalıdır. Onlar təbii ki, Rusiyanın Ermənistan üçün döyüşəcəyini gözləyirdilər, çünki Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Əslində, Ermənistan bu təşkilatlara ona görə qoşulub ki, Rusiya Qarabağ münaqişəsində onun tərəfində olsun. Amma Rusiya Ermənistan üçün döyüşməkdən imtina edib, açıq-aşkar neytral mövqe tutur. İndi Rusiyanın mövqeyi Ermənistan rəhbərliyində elə nifrətə səbəb olur ki, onlar Rusiyanı daim Azərbaycanyönümlü mövqedə ittiham edir. Ermənistanın Fransa prezidenti Emmanuel Makron kimi müttəfiqləri də Rusiyanı Azərbaycanyönümlü olmaqda ittiham edirlər. Əslində isə Rusiyanın mövqeyi neytral və ədalətlidir”, – deyə o bildirib.

 

S.Markovun fikrincə, Ermənistanın tapmağa çalışdığı ikinci variant ondan ibarətdir ki, Fransa Qarabağa əvvəlcə öz müşahidəçilərini, sonra isə hərbçilərini göndərəcək.

 

“Bir tərəfdən Fransa Ermənistanı mümkün qədər dəstəkləyir, digər tərəfdən isə fikrimcə, Ermənistan rəhbərliyi və cəmiyyəti hesab edir ki, fransızlar öz əsgərlərini Qarabağda Azərbaycan ordusuna qarşı erməni maraqları üçün döyüşə göndərməyəcəklər. Bir sözlə, fransızlar diplomatik danışıqlarda Ermənistanın tərəfini tutmağa çalışacaqlar. Bu fikir Ermənistanın üzərində ağır kölgə kimi asılıb”, – ekspert əlavə edib.

 

Rusiyalı politoloq qeyd edir ki, Ermənistanın istifadə etməyə çalışdığı daha bir variant Qarabağın erməni icmasına, demək olar ki, müstəqilliyə bərabər olan yüksək muxtariyyət əldə etməkdir.

 

“Amma bu, mümkün deyil, Azərbaycan Qarabağın erməni icmasına hər hansı ayrıca status vermək istəmir. Azərbaycan təkid edir ki, ölkədəki bütün millətlər, xalqlar eyni hüquqlardan yararlanır”, – S.Markov deyib.

 

O vurğulayıb ki, Azərbaycanda ruslar, yəhudilər, bir çox başqa millətlərin nümayəndələri yaşayır və onların hamısı bərabər hüquqlardan istifadə edir.

 

“Amma erməni cəmiyyəti özünü bütün xalqlardan üstün tutur. Bu cür ultramillətçilik onları dalana dirəyir. Ermənilər özlərini inandırıblar ki, azərbaycanlılarla sülh şəraitində yaşaya bilmirlər, ona görə də onlar Azərbaycan cəmiyyətinə inteqrasiya edə bilməzlər. Onlar özlərini inandırıblar ki, azərbaycanlılar ermənilərin düşmənidir və buna görə də onlar bir yerdə yaşaya bilməzlər. Amma bu, çox böyük səhvdir, azərbaycanlılar heç də ermənilərin düşməni deyil. Ermənilər onilliklər boyunca Azərbaycanın tərkibində yaşayıblar. Ermənistan qəbul etməlidir ki, heç bir muxtariyyət olmayacaq. Digər xalqlar kimi Qarabağın erməni icmasının Azərbaycana tam inteqrasiyasının mərhələlərini ümumi şərtlərlə müzakirə etmək lazımdır. Ermənistan cəmiyyəti qəbul etməlidir ki, Azərbaycanın erməni icması Azərbaycanın digər xalqlarının milli icmaları ilə müqayisədə xüsusi imtiyazlara malik olmamalıdır”, – deyə o, fikrini yekunlaşdırıb.

Mənbə

Share: