“Onlar vətəndaşlarımıza ağır işgəncələr verib, onları amansızlıqla qətlə yetiriblər”

“Onlar vətəndaşlarımıza ağır işgəncələr verib, onları amansızlıqla qətlə yetiriblər”

Əliməmməd Nuriyev: “Avropa Məhkəməsinə ünvanlanan bu müraciət  alqışlanmalıdır”

 

Xəbər verdiyimiz kimi, Edillidə tapılan kütləvi məzarlıqla bağlı məlumatlar Avropa Məhkəməsinə təqdim olunub.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev Ermənistanın beynəlxalq hüquq müstəvisində cəzalandırılmasının vacib olduğunu bildirib:

 

“Təbii ki, bu addımı pozitiv qiymətləndirirəm. Ermənistan mahiyyət etibarı ilə terror dövlətidir. Ermənistanın təcavüzü nəticəsində azərbaycanlıların kütləvi şəkildə çoxsaylı hüquqları pozulub. Buna görə də Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququmuz var. Məhz bunu əsas götürərək Azərbaycan dövləti bu addımı atmışdır.

 

Ermənilər bu gün də mina terrorunu davam etdirir. Bildiyiniz kimi, ermənilər minaların xəritəsini Azərbaycana vermir, bəzi hallarda isə bu barədə qeyri-obyektiv məlumatlar təqdim edirlər.

 

Ölkəmizdə vaxtı ilə ermənilər tərəfindən qətlə yetirilən soydaşlarımızın  basdırıldığı kütləvi  məzarlıqlar üzə çıxmaqdadır. Bu cinayətlər Ermənistanın hərbi-siyasi rejimi tərəfindən həyata keçirilib. Məzarlıqlardakı araşdırmalar sübut edir ki, qətlə yetirilən şəxslər yaxın məsafədən açılan atəş nəticəsində öldürülüb. Sümüklərin tədqiqi bu insanların amansız işgəncələrə məruz qaldığını da göstərir. Bu, bilavasitə yaşamaq hüququnun pzoulması deməkdir. Ayrı-seçkiliyə, işgəncəyə məruz qalmaq kimi digər məsələlər də bu olaylar içində yer alır. Bu baxımdan Azərbaycan tərəfindən belə bir müraciətin Avropa Məhkəməsinə ünvanlanması alqışlanmalıdır.

 

Ümid edirəm ki, Avropa Məhkəməsi bu müraciəti araşdıraraq bununla bağlı lazımi qərarlar qəbul edəcək, cinayətkarların cəzalandırılması istiqamətində konkret addımlar atacaqdır”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: