İrandakı etirazlar insanların illərlə yığılıb qalan problemlərindən qaynaqlanır

İranda 1979-cu ildəki islam inqilabından sonra ilk dəfədir ki, belə kütləvi etiraz aksiyaları keçirilir. İnsanlar demokratik hüquq və azadlıqlara hörmət edilməsini, qadınlar üçün qapalı geyim tərzinin ləğvini, ali dini lider Ayətullah Əli Xameneinin istefasını tələb edirlər.

 

İranda molla rejiminə qarşı etirazlar bir aydan artıqdır ki, davam edir. Kürd mənşəli Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra başlayan etirazlar ölkənin irili-xırdalı bütün şəhərlərini bürüyüb. “Qadın! Həyat! Azadlıq” şüarı ilə küçələrə axışan insanlar ölkənin ali dini rəhbəri Ayətullah Xameneinin və İslam İnqilabı Keşikçiləri Korpusunun mərhum generalı Qasım Süleymaninin portretlərini yandırır, hakimiyyəti sərt tənqid edirlər. Hakim rejimi qorxuya salan odur ki, insanlar demokratik hüquq və azadlıqlara hörmət edilməsini, qadınlar üçün qapalı geyim tərzinin ləğvini, ali dini lider Xameneinin istefasını tələb edirlər. Başlarını açaraq kütləvi şəkildə şəhərlərin küçələrinə çıxan qadınlar örtüklərini yandırır, dini liderlərin portretlərinə od vururlar.

 

İranda 1979-cu ildəki islam inqilabından sonra ilk dəfədir ki, belə kütləvi etiraz aksiyaları keçirilir. İndiki aksiyalar 2009-cu ildəki prezident seçkilərinin nəticələrinə qarşı nümayişlərdən və ya 2017-2019-cu illərdə iqtisadi vəziyyətdən narazı olanların etirazlarından daha böyükdür. Ölənlərin sayı artıq 200-ü keçib və onların arasında 23 uşaq da var. Əlbəttə ki, öldürülən qadın etirazların başlaması üçün sadəcə qığılcım rolunu oynayıb. Heç kimə sirr deyil ki, etirazlar insanların illər ərzində yığılıb qalan problemlərindən qaynaqlanır. İranlı təhlilçi Behrənq Tacdinin dediyi kimi, iqtisadi problemlərin çoxluğu hökumət əleyhinə etirazlar üçün əlverişli imkan yaradıb.

 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Mənbə

Share: