Təbii ki, ölkəmizin suveren ərazisinə hörmətsiz münasibət göstərən, bəyanatlar verən heç bir şəxsə Ermənistan biganə qala bilməz.
Modern.az xəbər verir ki, bunu erməni spiker Alen Simonyan oktyabrın 26-da jurnalistlərə açıqlamasında rusiyalı deputat Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulması qərarını şərh edərkən bildirib.
“Bizim üçün Ermənistan və onun sərhədləri “qırmızı xətt”dir, ona görə də bütün tərəfdaşlar bunu nəzərə almalıdır”, – Simonyan vurğulayıb.
“Russia Today”in baş redaktoru Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulması ilə bağlı məlumatlara gəlincə,spiker deyib:
“Məndə belə bir məlumat yoxdur, amma istisna etmirəm ki, həm o, həm əri Tiqran Keosayan, həm də müxtəlif ölkələrin erməni soyadlı agentləri və manqurtları Ermənistana, onun müstəqilliyinə, Ermənistanın keçmiş rəhbərlərinə şəxsi söhbətlərdə hörmətsizlik göstərir, təhqiramiz ifadələr işlədirlər. Yeri gəlmişkən, müxalif həmkarlarınız müxtəlif insanları qorumaq üçün çox çalışırlar, bəlkə bir gün əsəbləşib, özəl söhbətlərdə nə danışdıqlarını deyəcəm. Əminəm ki, bu, onların xoşuna gəlməyəcək və mən onlara həmin şəxsləri daha az qorumağı məsləhət görürəm”.
Rusiya ilə münasibətlərin kəskinləşməsinin Ermənistan üçün təhlükəli ola biləcəyi ilə bağlı iradlara cavab olaraq spiker deyib:
“Ermənistan hücuma məruz qalır və onun yaşadığı təhlükəsizlik sistemində aşkar problemlər var. Məni heç kimin əhval-ruhiyyəsi yox, ölkəmin təhlükəsizliyi maraqlandırır. Mən ölkəmin sərhədlərini qorumalıyam, tərəfdaşlarımız isə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir. Bu bizim əsas məqsədimizdir. Hardasa kiminsə inciməsi, təbliğat bürosunun hansısa üzvünün xəstələnməsi və ya yaxşı olmaması – bu, artıq çox üçüncü dərəcəli, dördüncü dərəcəli məsələdir”.