Akif Səmədin o dünyadan Mahir Qabiloğluna MƏKTUBU

Əzizim Mahir! O dünyadan salamlar. Burda hər şey yaxşıdır. Hamı can deyib, can eşidir. Amma bu yaxında aləm dəydi bir-birinə. Axirət dünyası Azərbaycan Yazıçılar Birliyinin sədri Qabil fövqəladə qurultay çağırdı. Əvvəlcə elə bildik ki, bu tədbirin fani dünyadakı  yazıçıların 13-cü qurultayı ilə nəsə bir əlaqəsi var. Gənclərə öz tövsiyələrini verəcəklər. 60-cı illər nəslinin tökülməkdə olan sarı yarpaqlarını daha da müdrik olmağa, illər boyu qazandıqları hörməti düşünülməmiş deyilən bir sözə, hərəkətə qurban verməməyə çağıracaqlar. Axı “13” rəqəmi nəhs rəqəmdir.


Amma belə olmadı. Demə səbəb şair Qəşəm Nəcəfzadənin məni, daha doğrusu Yazıçıların qurultayında öz namizədliyimi irəli sürməyimi, digər yazıçılara nümunə göstərməyi olub. Nə deyib dostum Qəşəm? Deyib ki, “qurultayın öz qaydası var, seçkili orqandır. Dəfələrlə iştirak etmişəm, sədr seçkisində zala müraciət olunur, ”kimin əlavə namizədi var desin” – deyə müraciət edilir. Bu danışanların heç biri durub orada namizəd adını çəkməyə cəsarəti çatmır. Amma saytlara şərafətli, ürəkli müsahibələr verirlər. Düzdür, bunu onlara sual etsəniz, deyəcəklər ki, seçilməyəcəksə, namizədi verməyə lüzum yoxdur. Yaxşı seçilməyəcəkdə də, sən bunu de, qoy tarixdə qalsın. Bir dəfə son qurultayın birində rəhmətlik dostum Akif Səməd qırmızı köynək geyinmişdi. Qalxdı dedi ki, mən öz namizədliyimi verirəm. İnanın ki, bu söz tarixdə qaldı, hamı ondan danışdı. Akif Səmədin namizədliyi qəbul olunmasa da, bu cəsarəti ilə yadda qaldı”.


Bax, Qəşəmin bu fikri əbədiyyət yazıçılarımıza çatdırılandan sonra zal daha da çaxnaşdı. Çıxış edən-etməyən düşdü üstümə ki, ay Akif Səməd, utanmırsan, qızarmırsan? Yazıçı tarixdə əsəriylə qalar. Qabil isə lap gül vurdu. Dedi ki, namizədliklə tarixdə qalmağın bir yana, sən bilmirdin ki, bəs Anarın alternativi yoxdur, olmayıb, olmayacaq da..? Həmişə sakit təbiətiylə seçilən İlyas Əfəndiyev lap əsəbiləşdi. “Öhhö-öhhö. Ay Akif, namizədliyini irəli sürməyə qalsaydı, oğlum Elçin özünü verərdi də irəli. Çingiz Abdullayev, Rəşad Məciddən nəyi əskikdir ki? Hərəsi 2-3 vəzifə daşıyır. Həm Baş nazirin müavini olardı, həm də ki, AYB sədri. Vəzifədən çıxandan sonra 1500-2000 manat maaş, katibə, hökumət maşını işinə yarayardı. Anardan da xeyli cavandır. Gələn il mayda cəmi 80 yaşı olacaq balamın. İndi yazıq uşaq qalıb işsiz-gücsüz. Maşın sürməyi də bacarmır. Bahalı BMV maşını qarajda qalıb çürüyür. Qızının qırmızı nömrəli diplomatik hökumət maşınına möhtacdır”.


Rəsul Rzanın və Nigar Rəfibəylinin isə tənəli baxışlarından bilmirdim hara gizlənim. Üzlərindən oxuyurdum demək istədiklərini: “Akif, utanmırsan? Ölmürsən?” Mahir, ölməyimə peşman olmuşdum.  Amma sakit oturub qulaq asırdım. Daha doğrusu cavab vermək istəyirdim. Amma Yafəs Türksəs kəfənimin ətəyini dartaraq məni sakitləşdirirdi:


– Akif, sakit otur. Bunlar “qızım, sənə deyirəm, gəlinim, sən də eşit” siyasəti yürüdürlər. Sən bilmirsən. Mən isə təzə gəlmişəm fani dünyadan. Qulaqlarına çatıb ki, bəs Fuad Cəfərli və Emil Rasimoğlu adlı iki gənc yazıçı növbəti qurultayda namizədliklərini irəli sürməyi planlaşdırırlar. Baxacaqsan, sonda qurultay iştirakçıları adından Əzrayıla müraciət də qəbul edəcəklər ki, bəs o iki uşağı nəzarətə götürsün.


– Onların cavan canına qıymaq istəyirlər yəni?


– Yox, inanmıram. Sadəcə, Əzrayıl üç-dörd dənə cangüdən göndərib, məsələni sülhlə həll edəcək.


Mahir, iclas isə davam edirdi. Axır bir adam tapıldı ki, məni müdafiə etsin. O da kim olsa yaxşıdır? Öz qazaxlım. İsa Hüseynov kürsüyə çıxıb dedi ki, “Akif balada günah yoxdur. Təqsir İsmeyildədi. Şıxlı o vaxt vəzifədən çıxanda yerinə qazaxlı qoysaydı, bütün bunlar baş verməzdi. Akif Səməd Anara yox, Anar Akif Səmədə alternativ olardı. İndi orda Qazax klanından bir 92 yaşlı Nəriman Həsənzadə qalıb, bir də 35 yaşlı Taleh Mansur. O da ki, toxumluq”.


Amma bir çiçəklə yaz olmaz. Məni yandıran bir də o oldu ki, İsa müəllimin sözünə Səməd Vurğun, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Hüseyn Arif və digər qazaxlılar reaksiya vermədilər. Sonra da deyirlər ki, biz qazaxlılar yerlibazıq. İsa Hüseynov kürsüdən ayrılan kimi, təzədən düşdülər üstümə. Bax daha dözə bilmədim. Yafəs Türksəsin cəngindən qurtularaq, sədarətdən icazə almadan qalxdım kürsüyə. Dedim:


– Ay ağsaqqallar, ay qarasaqqallar, axı nə etmişəm? İndi istəməyim, Anarı məndən çox istəyən yox idi. Yazıçılar Birliyini məndən çox istəyən yox idi. Hətta bu dünyaya Yazıçılar Birliyindən uçan iki yazıçıdan biriyəm mən. Mən Anarı qorumaq üçün, adına söz çıxartmasınlar deyə özümün namizədliyimi vermişdim. Bircə anekdota görə. Əksəriyyətiniz sovet adamısınız. O məşhur siyasi lətifəni də gözəl bilirsiniz yəqin.


– Xatırlat, – deyə yerbəyerdən səslər gəldi:


“Günlərin bir günü Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Leonid İliç Brejnev Kremlin həyətində gəzirmiş. Görür ki, bir nəfər qucağında böyük qarpız mətbəxə tərəf gedir.


– Nə qəşəng qarpızdır, – deyə Leonid İliç ona səslənir.


– Həştərxan qarpızıdır, yoldaş Brejnev, – deyə fəhlə cavab verir, –  İstəyirsinizsə, buyurun seçin.


Leonid İliç bu cavabdan karıxır.


– Necə seçim? Axı qarpız bir dənədir.


– Yoldaş Brejnev, bəs biz uzun illərdir qurultaylarda TƏK SİZİ necə seçirik?


Ay ustadlar, indi mənim bu addımı atmağa nə vadar etdiyini bildinizmi? Mən Ədəbiyyat tarixində qalmaq üçün yox, Anarı çox istədiyimdən, gənc, paxıl, onu gözü götürməyən yazıçıların onun təmiz adına söz çıxaracağından qorxub belə addım atmışdım. Çünki o lətifə çıxanda çoxları Brejnevə “Qarpız Brejnev” ayaması qoşmuşdular.


Mahir, elə bunu gördüm. Zaldan alqış səsləri qopdu. Rəsul Rzayla Nigar Rəfibəylinin tənəli baxışlarından əsər-əlamət qalmadı. Hətta Rəsul müəllim alnımdan da öpdü. “Sağ ol, bala. Mən səni tanımamışam. Bilmirdim ki, oğlum Anarın bu cür vəfalı, təəssübünü çəkən dostu varmış”.


Zaldan çıxdım. Əzrayıl həmən aldı başımın üstünü.


– Nədi, nə istəyirsən? 44 yaşında canımı aldın. Uşağımı gözüyaşlı qoydun. Daha nə istəyirsən, ölünü öldürmək?


– Yox, ay Akif, sadəcə, Anar adı çəkildi. Sən də dedin ki, onu çox istəyirsən.


 -Ay Əzrayıl, “çox istəyirəm” demədim, “çox istəyirdim” dedim. İndi mənim sözüm hökm zaddır ki, ucundan tutursan? Anarın canına qıyıb, məni günaha batırmaq istəyirsən?


– Yox e, ay Akif. Üç dənə yazıçı var. Bunların əlində qalmışam. Daha doğrusu, öz savadsızlığımın əsirinə çevirmişəm. Anarı tanıyırsan – bildim. Bəs Vidadi Babanlı və Seyran Səxavəti necə?


– Onları da tanıyıram. Vidadi müəllimin  95, o birinin isə 76 yaşı var. İkisi də görkəmli nasirdir. Necə bəyəm?


– Ay Akif, getmişəm bunların ağrı-acılarını, xəstəliklərini bir dəfəlik unutdurmağa. Deyirəm ki, kəlmeyi-şəhadətinizi oxuyun. Mənə nə desələr yaxşıdır?


– Nə?


– Dedilər ki, get kompüri aç, saytları izlə. Əsasən də prezident sərəncamlarını.


– Bunun sənə nə dəxli, ay Əzrayıl?


– Mən də ona görə səndən soruşuram da… Anar dedi ki, mənə “Heydər Əliyev ordeni” verilməmiş o dünyaya bir addım da atmaram.


– Bəs o  biri ikisi?


– O biri iki nəfər isə dedi ki, nə vaxt bizə “Xalq yazıçısı” fəxri adı verilsə onda qulluğunda hazırıq.


– Bəs sən nə dedin?


– Mən də kompüter, internet, sayt-mayt, belə şeylərin nə olduğunu bilmirəm. Savadsızlığımı biruzə verməmək üçün, suyum süzülə-süzülə əliboş qayıtdım geri. Həyatımda ilk dəfə idi ki, işimi layiqincə yerinə yetirə bilmədiyimə görə töhmət də aldım – əskiyim çıxdığına görə. Dörd nəfərlə qayıtmalıydım. Fikrət Qoca yanımda olmasaydı işdən də qova bilərdilər. Yaxşı ki, o heç olmasa üsyan qaldırmadı. Təzəcə aldığı “İstiqlal” ordeninə heyranlıqla tamaşa edəndə aldım başının üstünü.  İndi sən məni başa sal,  nə edim?


– Ay Əzrayıl, sən belə elə. Anarın qarşıdan 85 illiyi gəlir. Yalnız yazıçı tayfasından bu ordenə layiq görülən olmayıb. Rəssam, heykəltəraş, müğənni, estradnik – hamısı alıb. Ola bilsin ki, martın 14-də Anar müəllim alsın – 85 yaşında. Layiqdir. Ya da ki, ondan beş il sonra 90 yaşında.  O alsa, Elçinə də verə bilərlər. Kolleksiyalarında bircə bu orden yoxdur. Amma yox, ola bilər ki, “Əmək ordeni”ylə də başlarını aldatsınlar. Onun da üç dərəcəsi var. Amma Seyran Səxavətlə Vidadi Babanlının qapısını bir də döymə. Çətin ki,  o adı alalar. Nə olsun ki, layiqdirlər.


– Niyə?


– Çünki biri Yazıçılar ittifaqında uzun müddət hegemonluq edən Qazax klanının üzvüdür, o birini isə əsası 1988-ci ildə Əbdürrəhman Vəzirov tərəfindən qoyulan Füzuli klanının son magikanı hesab edirlər. Bir də onlara getmə. Yoxsa…


– Nə “yoxsa?”


– Yoxsa, qalın “Qızıl teşt” kitabını götürüb keçirər başına, içindəki qanı üzündən yuya bilmərsən.  Bezəndə özləri çağıracaqlar.


– İnanmaram. Elə bil insan yoxdur ki, ölmək istəyə.


– Onları demirəm. Nəvə-nəticələri çağıracaq. Mənzillərini satıb bölüşdürmək üçün.


Hə, Mahir, nə başını ağrıdım. Əzrayıl aralanan kimi kəfəni başına çəkərək üzünü gizlədən bir qoca kişi yaxınlaşdı mənə və sözünə sualla başladı:


– Bala, bayaqdan söhbətinizə qulaq asırdım. Anarın neçə yaşı olacaq dedin?


– 85. Necə bəyəm? Üzr istəyirəm, tanımadım sizi.


– Mən məşhur aktyoram.


– Ustad, bir də üzr istəyirəm. Adınız nədir?


– Ay oğul, adımı sorma. Gəl sənə başıma gələn bir əhvalatı danışım.


– Danış, əmi.


– Artıq qocalmışdım. 70-i haqlamışdım. Özümü çox da yaxşı hiss etmirdim. Amma səhnədən də ayrılmaq istəmirdim. Balığa qanad verən dəryadır, aktyor isə səhnədən kənarda qalmağı heç təsəvvür də edə bilmir. Aktyor üçün SSRİ Xalq artistindən böyük mükafat nə ola bilər? Ona da layiq görülmüşdüm. Lenin ordeni və digər orden-medallar kavaleriydim. Amma mənim üçün səhnə hər şeydən yüksək idi. Hələ ki, qocalığım səhnə fəaliyyətimə mənfi təsir etməmişdi. Amma yerişimdə bir az dəyişiklik vardı – ləngərləyirdim. Günlərin bir günü teatrın direktoru məni otağına dəvət edib, çox nəzakətlə dedi ki, bəs “ustad, qorxuruq ki, birdən sözləri qarışdırarsınız, ya ayağınız  səhnədə nəyəsə ilişib yıxılarsınız. Narahatıq sizə görə”. Onu o saat anladım. Yəni ki, səhnəyə çıxma, gənc nəslin yetişməsinə öz töhfəni ver. Qulaq asmadım. Tarixi tamaşaların birində şah obrazında növbəti dəfə səhnəyə çıxmalıydım. Çıxdım, taxtdan qalxıb əlimi hökmlə yuxarı qaldıranda şalvarım əynimdən düşdü. Demə şalvarın kəmərini möhkəm bağlamaq yadımdan çıxıb. Teatrdan uzaqlaşdım. Xəcalətimdən xəstəliyə düşdüm, az sonra isə öldüm. Haqq dünyasında da illər boyu qazandığım şan-şöhrətlə fəxr edə bilmirəm. Adımı da deməyə utanıram. Tanımasınlar deyə üzümü də gizlədirəm. Xəcalət çəkirəm. Bu danışdığımı Anara çatdır. Mənsəbi vaxtında tərk etsin. “Şalvar düşəndə” gec olacaq.


Mən də ünvanını Qabil müəllimdən alıb sənə məktub yazmağa qərar verdim. Daha doğrusu, ürəyimi boşaltdım. Yoxsa ki, partlayacaqdı. Hamıya çatdır yazdıqlarımı. Amma öz aramızdı, şair Qabil ölməyinə baxmayaraq, Anarı yenə də çox istəyir. Burda da mənim kimi “bədxah”lardan müdafiə edir.

Bu qədər. Hamıya salamlar. 13-cü qurultayınıza isə uğurlar!


Hörmətlə: Akif Səməd. Niyə şair Akif Səməd yazmadım? Çünki yazıçı olan şəxs özünə yazıçı deməz.


20 oktyabr 2022-ci il.

Mənbə

Share: