“ABŞ məğlubedilməz ölkə deyil” – Xamenei

İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei deyib ki, bəziləri sadəlövhcəsinə ABŞ-ı qüdrətli bir güc hesab edirlər, amma əksinə, o tamamilə kövrək ölkədir.

 

Modern.az xəbər verir ki, Xamenei bunu çərşənbə günü bir qrup iranlı tələbə ilə görüşdə bildirib.

 

Xameneinin sözlərinə görə, ABŞ heç də deyilidiyi kimi məğlubedilməz ölkə deyil.

O xatırladıb ki, Vaşinqtonun İrana qarşı düşmənçiliyi 1980-ci ildə ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsindən, 1953-cü ildə Müsəddiq hökumətinə qarşı çevrilişdən (İranda ilk demokratik seçkili baş nazir Məhəmmədəli Müsəddiqin 1953-cü ildə Amerika və Britaniya kəşfiyyatlarının bilavasitə müdaxiləsi ilə devrildiyi bildirilir-red.) xeyli əvvələ gedib çıxır.

 

Xamenei 1953-cü il çevrilişinin İran xalqı ilə ABŞ arasında mübahisənin başlanğıc nöqtəsi olduğunu vurğulayıb.


“Amerikalılarla mübahisəmiz o gün (1953-cü il çevrilişində) başladı”, – ali dini rəhbər deyib.


Ayətullah Xamenei Müsəddiq hökumətinin amerikalılara güvəndiyini, sadəlövhcəsinə onların hökumətini ingilislərə qarşı dəstəklədiyini, lakin sonda özünün ABŞ və Britaniya tərəfindən devrildiyini qeyd edib.


Dini rəhbər amerikalıların iranlı general-leytenant Qasım Süleymanini öldürməklərinə öyünməklərini lənətləyib.


O əlavə edib ki, amerikalılar bir-birinin ardınca İranın nüvə alimlərinə sui-qəsd edən sionistləri dəstəkləyiblər.


Xamenei daha sonra İranın bəzi şəhərlərində baş verən son iğtişaşlara işarə edərək deyib:

“Amerika, sionist İsrail və bəzi bədxah Avropa rejimləri gəncləri aldatmaqla və ölkədə iğtişaşları qızışdırmaq üçün silahlı terror qruplaşmalarına dəstək verməklə hibrid müharibə başladılar. Amma məqsədlərinə çata bilmədilər”.


O, Şirazın “Şahçərax” məqbərəsində törədilmiş son terror aktına işarə edərək, günahkarların aşkar edilərək cəzalandırılacağına söz verib.

Sonda o, yeni yaranan sistemdə ABŞ-ın artıq dünyada dominant güc olmadığına işarə edərək, gəncləri İranın yeni dünya sistemindəki mühüm rolunu və yerini tanımağa çağırıb.

Mənbə

Share: