“Bu gün azarkeşlər “Qarabağ” – “Frayburq” oyununun keçiriləcəyi stadiona gedərkən əsasən ictimai nəqliyyata üstünlük versinlər”.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, keçiriləcək oyun ilə bağlı yol polisi əməkdaşları paytaxt yollarında gücləndirilmiş iş rejimində çalışacaqlar:
“Belə ki, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Ərazidə metronun “Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. “Qarabağ”a dəstək olmağa gələcək paytaxt sakinlərindən, azarkeşlərdən xahiş olunur ki, əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneə törədə bilər.
Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər. Azarkeşlərin oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlmələrini tövsiyə edirik”.
Qeyd edək ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Azərbaycan çempionu “Qarabağ” Almaniyanın “Frayburq” klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də qarşılaşacaq.