“Münasibətləri normallaşdırmaq üçün erməni deputatlarla əlaqə qurmalıyıq”
Bu ay Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli parlamentlərarası danışıqlar keçirilə bilər.
Rusiya KİV-lərinin məlumatına görə, Dövlət Dumasında gələcək həftələrdə parlamentlərarası dialoq üçün danışıqlar qrupunun yaradılması müzakirə ediləcək.
Qeyd edək ki, 31 oktyabr 2022-ci ildə Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş görüşün nəticəsi kimi sonda üçtərəfli bəyanat imzalanıb.
Həmin bəyanatda parlament səviyyəsində görüşlərin təşkil edilməsi ilə bağlı müddəa da təsbit edilib.
Bəs parlament müstəvisində görüşlərdən hansı gözləntilər ola bilər?
Milli Məclisin deputatları bununla bağlı fikirlərini Modern.az-la bölüşüblər.
Məlahət İbrahimqızı bildirib ki, deputatların üçtərəfli görüşü qarşılıqlı etimad mühitinin formalaşması üçün mühüm rol oynaya bilər:
“Parlament diplomatiyası diplomatiyanın bir növüdür. Bütün ölkələrin parlamentarilərinin bir neçə əsas funksiyası var. Bu funksiyalardan biri beynəlxalq əlaqələrin inkişafında töhfə verməkdir. 31 oktyabrda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yekunu olaraq bəyanat imzalandı. Bəyanatda müxtəlif səviyyələrdə əlaqələrin yaradılması və danışıqların davam etdirilməsi ilə bağlı da müddəa salınıb. Xatırlatmaq istərdim ki, burada söhbət tək parlament səviyyəsində görüşlərdən getmir. Həm də ictimai birliklər, din xadimləri müstəvisində görüşlər nəzərdə tutulur. Burada da məqsəd etimad mühitinin yaradılması, gələcəkdə xalqların bir-birinə olan düşmənçiliyinin yavaş-yavaş unudulmasına xidmət etməkdir”.
Deputatın sözlərinə görə, bu cür əlaqələr sülh üçün vacibdir:
“Bu saat nə azərbaycanlı deputatlar İrəvana gedəsidi, nə də erməni deputatlar Bakıya gələsidir. Amma biz Ermənistanla münasibətləri normallaşdırmaq istəyiriksə, belə əlaqələr yaratmalıyıq. Onu inkişaf etdirməliyik”.
M.İbrahimqızının sözlərinə görə, hər iki ölkənin maraqlarının müdafiəsi əsasdır:
“Yəni hansısa ambisiyalarla bu işi aparmaq düzgün deyil. Azərbaycan Prezidentinin dediyi kimi, Qarabağ münaqişəsi artıq həll olunub. Əbədi düşmənçilik də yoxdur. Əbədi düşmənçilik olsaydı, bu gün bəzi Avropa ölkələri bir-birinə düşmən mövqe tutardı. Beləliklə, hər iki tərəfin maraqlarına uyğun addım atılmalı və cənab Prezidentin dediyi kimi, sülh müqaviləsi imzalanmalıdır”.
Elman Nəsirov 31 oktyabrda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünü xatırladaraq, imzalanan bəyanatı məntiqi nəticə kimi qiymətləndirib.
Onun sözlərinə görə, bəyanatda diqqət çəkən müddəalardan biri də qarşılıqlı etimad mühitinin formalaşdırılması ilə bağlıdır:
“İki xalq arasında etimad mühitinin formalaşması ilə bağlı müddəa çox mühümdür. Vətəndaş cəmiyyətləri, din xadimləri arasında təmasların olması həqiqətən çox faydalıdır. Eyni zamanda, üçtərəfli formatda parlament səviyyəsində əlaqə və təmasların qurulması mühüm elementlərdən biri kimi nəzərdə tutulur. Hesab edirəm ki, bu təsadüfi deyil. Çünki iki dövlət arasında uzunmüddətli və dayanıqlı sülh müqaviləsinin imzalanması üçün etimad mühiti olmalıdır. Tərəflər bir-birinə inanmalıdır”.
“İnam və etimad olmadığı təqdirdə imzalanan hər hansı müqavilə perspektivsiz görünür. Hesab edirəm ki, Azərbaycan, Ermənistan və Rusiya parlamenti üzvlərinin təmasları, onların cari məsələləri və perspektivdə öz həllini gözləyən məsələlərlə bağlı fikir mübadiləsi aparması faydalıdır. Bu, regionda sülh və əmin-amanlıq prosesinə müəyyən töhfə verə bilər”, – deyən parlamentari belə görüşün nəticələrinin müsbət olacağını bildirib.
Cavid Osmanov vurğulayıb ki, üçtərəfli görüşdə Azərbaycan uğur qazanıb:
“Görüşün nəticəsi olaraq imzalanmış bəyanatın mətnindən bir daha aydın görünür ki, Soçidə əsas gündəliyi müəyyən edən Azərbaycan tərəfi olub. Məhz Azərbaycan tərəfindən formalaşdırılan gündəlik əsasında müzakirələr aparılıb. Bəyanatda etimad mühitinin yaradılması üçün ictimai birliklər, vətəndaş cəmiyyətlərinin, dini liderlərin görüşü nəzərdə tutulub. Eyni zamanda, parlament müstəvisində görüşlər də planlaşdırılıb. Əlbəttə, parlamentlər səviyyəsində görüşlərin keçirilməsi çox mühüm hadisədir. Parlamentlərarası münasibətlərin qurulması atılacaq addımların göstəricisi olacaq. Bu, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması və etimad mühitinin yaradılması istiqamətində böyük rol oynaya bilər”.
Deputatın sözlərinə görə, Ermənistanın üzərinə çox böyük işlər düşür:
“Azərbaycan tərəfi Vətən müharibəsindən sonra öz qəti mövqeyini ortaya qoyub. Bölgədə əmin-amanlığın bərqərar olması üçün sülh müqaviləsinin bağlanması, münasibətlərin normallaşması istiqamətində atılan addımlar və s. Burada növbəti dəfə Ermənistanın üzərinə çox böyük iş düşür. Ermənistan siyasi iradə nümayiş etdirməli və irəli sürülmüş təkliflərdən düzgün nəticə çıxarmalıdır”.