Yağışın dağıtdığı Lerik yolu yenidən qurulur

Son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş verib, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranıb.

Bu səbəbdən Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Lənkəran-Lerik avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri də görülür, dəmir-beton küvetlər inşa edilir. Bundan başqa bu və digər ərazilərdə istinad divarı inşa edilir, dəmir-beton svaylar vurulur, drenaj xətləri çəkilir və yeni suötürücü borular quraşdırılır.

Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülür. Düzləndirici asfalt qatı, ardı ilə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi təmin edilir.

Bütün işlər vətəndaşların hərəkətinə və təhlükəsizliyinə maneə yaratmadan aparılır. Bunun üçün ərazilər boyu müvəqqəti yol hissələri salınmaqla əlavə təhlükəszilik tədbirləri görülüb.

 

Share: