Erməni silahlı qüvvələri Qarabağda nə gəzir?

Biz, bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşırıq. Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərə necə əməl olunduğundan danışarkən bildirib.

 

Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini qeyd edən dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”.

 

Azərbaycan Prezidenti deyib ki, Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. “Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”, – deyə dövlətimizin başçısı qeyd edib.

Mənbə

Share: